
15 may 2024-cü il tarixində Azərbaycanın zəngin
mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx
bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması
məqsədilə və Azərbaycan ilə Latviya arasında diplomatik
münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər
çərçivəsində Azərbaycan Respublikasının Latviyadakı
Səfirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə
Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində Azərbaycan
xalçalarından ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları”
adlı sərginin açılış mərasimi təşkil olunub.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Latviyadakı
səfiri Elnur Sultanov bildirib ki, 2024-cü il ərzində Azərbaycan və
Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
qeyd olunur və bu əlamətdar hadisə münasibətlə Azərbaycan xalqı
tərəfindən əsrlər boyu qorunub saxlanılmış milli xalçaçılıq
sənətinin gözəl nümunələrinin bu gün Riqada ilk dəfə nümayişi
sevindirici haldır. Səfir hazırkı sərginin keçirilməsinin
ölkələrimiz arasında qurulmuş fəal mədəni əlaqələrin
möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. O, sərgidə qonaqlara
təqdim olunan Azərbaycan tar ifasını tədbirə xüsusi rəng qatdığını
və Azərbaycan xalçaçılıq və tarın hazırlanma və ifaçılıq
sənətlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə
Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib. E.Sultanov
Azərbaycanın xalçaçılıq sənətini Latviyada daimi əsasda nümayiş
etdirilməsi məqsədilə “PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti
və “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə “Azərxalça”
tərəfindən müasir üslubda toxunulmuş üç xalçanın Latviyanın
Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilməsini
Azərbaycan mədəniyyətinin Latviyada təbliğinə vacib töhfə
verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin yaradıcı qrupu və İdarə
Heyətinin sədri Emin Məmmədov bildirib ki, Azərbaycan hər zaman
milli mənəvi dəyərlərinə yüksək qiymət verərək öz mədəniyyətini
bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq
sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq
Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və
xalqımızın rəmzinə çevrilmiş sənətlərdən biridir. E.Məmmədov
Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq
xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu
vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərindən
söz açıb və “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq
ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf
etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların
ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də
dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla
müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim
inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC-nin xalçaların
istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması,
inkişaf etdirilib gələcək nəsillərə ötürülməsi, bu sahəyə xüsusilə
regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin
olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Sərgidə həmçinin Latviya Mədəniyyət Nazirliyinin parlament
katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin
rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin
kolleksiyalar üzrə direktor müavini İveta Derkusova geniş nitqlə
çıxış ediblər. Çıxış edənlər unikal xalça kolleksiyasının sərgidə
nümayişini Latviyanın mədəni həyatında vacib hadisə olduğunu qeyd
edib və “PAŞA Holdinq” MMC və “PAŞA Bank” ASC tərəfindən Dekorativ
İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilən üç xalçaya təşəkkür
ifadə ediblər. Çıxışlar zamanı həmçinin bildirilib ki, Azərbaycan
və Latviya ornamentləri arasında rast gəlinən oxşarlıqlar diqqəti
cəlb edir və bu oxşarlıqlar Azərbaycan və Latviya mədəniyyətlərinə
təsir göstərmiş qarşılıqlı mədəni əlaqəni əks etdirir. Latviyanın
görkəmli rəssamı və etnoqrafı Yuliy Straumenin anadan olmasının bu
il 150 illiyi qeyd olunduğunu və ölkəmizdə səyahət edərkən
Y.Straume tərəfindən toplanılmış unikal xalça naxışlarından ibarət
əl işlərinin sərgidə nümayişini ölkələrimiz arasındakı dərin mədəni
əlaqələri təcəssüm etdiyi qeyd olunub. Çıxış edənlər sərginin
Latviya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağı və iki
ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına
inam ifadə ediblər.
Tədbirdə Latviya Hökuməti və Parlamentinin üzvləri, diplomatik
missiyaların rəhbərləri, yerli mədəni, ictimai və mətbuat
dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının
üzvləri iştirak ediblər.
Xalçalarla yanaşı sərgidə böyük ekran vasitəsilə xalçaçılıq
sənətini, eləcə də tanınmış xalça toxucularından bəhs edən film
nümayiş olunub və Azərbaycan xalça toxucusu əyani şəkildə
iştirakçıları toxuma prosesi ilə tanış edib.
Qeyd edək ki, sərgidən öncə may ayının 14-də “Azərxalça” ASC-nin
İdarə heyəti sədri Emin Məmmədov və yaradıcı direktor Əsmər
Babayeva Latviya Rəssamlıq Akademiyasında Azərbaycan xalçaçılığı
üzrə təqdimat keçirilib. Təqdimatda Azərbaycan xalçaçılıq sənəti və
məktəblərindən söz açılıb. Tədbir zamanı, həmçinin Cəmiyyətin
toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış
edib.
Sərgi 15 sentyabr 2024-cü il tarixinə qədər davam edəcək.



























