Bakı. Trend:
Azərbaycan Dünya Bankının “Business Ready” hesabatına növbəti
ildən daxil ediləcək.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin
sektor müdiri Vüsal Şıxəliyev bu gün keçirilən Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında deyib.
O qeyd edib ki, bu hesabatla bağlı ilkin qiymətləndirməyə bu
ildən başlanıb.
“Biznes mühitinin yaxşılaşdırılmasının Dünya Bankının “Business
Ready” hesabatının suallarına uyğun olaraq ilkin qiymətləndirmə
həyata keçirilib. Bununla bağlı Yol Xəritələri hazırlanıb”, – deyə
o qeyd edib.
Qeyd edək ki, bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın fəaliyyəti və azranking.az internet portalının
təqdimatı keçirilib. Tədbirdə Komissiyanın fəaliyyəti, Komissiya
çərçivəsində biznes mühitinin əlverişliliyinin artırılması
istiqamətində hazırlanan islahat təşəbbüsləri barədə geniş
məlumatlar verilib. Komissiyanın işçi qruplarının fəaliyyətinin
təşkili, o cümlədən, 2024-cü il üzrə təsdiq olunan yol xəritələri
və fəaliyyət planları barədə məlumat təqdim edilib.



























