Bakı. Trend:
Sentyabr ayında Azərbaycanda vergi forumu keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə bu gün Dövlət Vergi Xidmətinin rəis müavini
Samirə Musayeva “Ambisiyaların artırılması və fəaliyyətə təkan:
COP-29 Dayanıqlı biznes forumu”nda deyib.
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Dünya
Bankının ekspertləri ilə, eləcə də Asiya İnkişaf Bankının (AİB)
köməkliyi ilə bu görüşü keçirəcəyik və tezliklə dəvətnamələr
göndərəcəyik. Karbon qiymətlərinin formalaşması üçün müxtəlif
vasitələrlə əlaqədar meydana çıxan bütün məsələləri müzakirə etmək,
qabaqcıl təcrübələri araşdırmaq və ola bilsin ki, müəyyən ümumi
metodlara nail olmaq niyyətindəyik”, – o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























