
Bakı. Trend:
Türkiyənin Qars şəhərini Naxçıvanla sərhəd olan Iğdır vilayəti
ilə birləşdirəcək dəmir yolunun tikintisi üzrə işlərə bu ilin
sonunda başlamaq və beş il ərzində başa çatdırmaq nəzərdə tutulur.
Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan
verəcək.
Trend xəbər verir ki, bu sözləri “TGRT Haber” telekanalının
efirində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir
Uraloğlu söyləyib.
Nazir xatırladıb ki, Türkiyənin şərqində 224 kilometrlik dəmir
yolunun tikintisi üçün tender bu ilin əvvəlində elan edilib və
hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar
aparılır.
“Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid
məntəqəsinə qədər məsafədə tikinti işləri təxminən 5 il çəkəcək”, –
deyə Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası ilə Zəngilan
rayonu arasında dəmir yolu hissəsinin tikintisi də bir neçə il çəkə
bilər.
Nazir bildirib ki, eyni zamanda, Azərbaycanın işğaldan azad
edilmiş rayonlarında dəmir yollarının tikintisinin başa
çatdırılması, Naxçıvanda relslərin modernləşdirilməsi mühüm
əhəmiyyət kəsb edəcək.
Nazir daha sonra deyib: “Nəqliyyat dəhlizinin tam şəkildə
fəaliyyət göstərməsi 2028-2029-cu illərdə mümkün olacaq. Bu marşrut
Türkiyə və bütün region üçün həm iqtisadi, həm də strateji baxımdan
əhəmiyyətlidir”.
Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin dünya ticarəti
üçün əhəmiyyətindən də bəhs edib. O, Süveyş kanalında və Qırmızı
dənizdə baş verən insidentlərlə əlaqədar qlobal ticarətdə yaranan
riskləri vurğulayıb. Türkiyəli nazir deyib: “Zəngəzur dəhlizinin
açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin
qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.
Bununla yanaşı, Uraloğlu Zəngəzur dəhlizinin İran ərazisindən
keçə biləcəyini də istisna etməyib. Nazir bildirib: “Bizə məlumdur
ki, Azərbaycan bu məsələ ilə bağlı İranla danışıqlar aparır. Yekun
qərar hələ qəbul olunmayıb. İstisna etmirəm ki, dəhlizin ayrı-ayrı
sahələri həm İran, həm də Ermənistan ərazisindən keçəcək”.



























