Advertisement

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Bakı. Trend:

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev
sahibliyi edəcək.

Trend xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyası
tərəfindən Xizək Alpinizmi üzrə Dünya Kubokunun ölkəmizdə
keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF)
ünvanladığı müraciət müsbət qarşılanıb.

Əldə olunan razılığa əsasən, ISMF tərəfindən Dünya Kubokunun
“Şahdağ”da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış
beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Dünya Kubokunun 2025-ci ilin yanvarın 11-12-də “Şahdağ” Turizm
Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dünya Kubokunun təşkili ilə bağlı qərar bu il
martın 9-10-da Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ
Turizm Mərkəzi”nin birgə təşkilatçılığı ilə baş tutan Beynəlxalq
Xizək Alpinizmi seriya yarışından sonra ISMF tərəfindən hazırlanmış
uğurlu qiymətləndirmə hesabatının nəticəsi əsasında verilib.