Advertisement

Azərbaycan Sement İstehsalçıları Assosiasiyası COP 29-a hazırlıq çərçivəsində “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünü həyata keçirir (FOTO)

Bakı. Trend:

Bu yaxınlarda ölkənin sement sənayesinin aparıcı şirkətləri
“Norm” ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement bir
araya gələrək Azərbaycan Sement İstehsalçıları Assosiasiyasını
(ASİA) təsis ediblər.

6-7 may tarixlərində assosiasiyanın “Xalis Sıfır Sürətləndirici”
(Net Zero Accelerator) təşəbbüsü ilə bağlı ilk tədbiri baş tutub.
İkigünlük tədbir seminarlar şəklində təşkil olunub və CO2
emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca
aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrin
müzakirəsi üçün ayrı-ayrı sessiyalara beton istehsalçıları, inşaat
şirkətləri, müxtəlif dövlət qurumları və qeyri-hökümət
təşkilatlarından nümayəndələr dəvət olunublar. Tədbir boyunca geniş
müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub və
təkliflər nəzərdən keçirilib.

Tədbirin ilk günündə assosiasiya üzvləri ilə Avropanın nüfuzlu
sement tədqiqatı üzrə qurumu olan ECRA (European Cement Research
Academy) arasında Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində Azərbaycan sement sənayesi üçün
Xalis Sıfır Yol Xəritəsi”nin hazırlanması, iqlim
dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya), həmçinin
dayanıqlı inkişaf və emissiyaların azaldılması strategiyaları ilə
bağlı biliklərin, mövcud resursların və ən yaxşı təcrübələrin
mübadiləsi nəzərdə tutulur. Yol xəritəsinin hazırlanması,
hədəflərin təyin olunması və strategiyaların müəyyən edilməsi üçün
yerli sənayenin mütəxəssisləri iqlim dəyişikliyi üzrə beynəlxalq
ekspertlərlə və müvafiq dövlət qurumları ilə birlikdə işləyəcəklər.
Bu yolda dövlət siyasəti rəhbər tutulmaqla, Avropa Sement Tədqiqatı
Akademiyasının və Qlobal Sement və Beton Assosiasiyasının
elmi-praktiki təcrübələrindən istifadə olunacaq.

Təşəbbüs çərçivəsində şirkətlər sement və beton sektorunda CO2
emissiyalarının azaldılmasına imkan verən irəli texnologiyaları
tətbiq edəcək, eləcə də sənayenin karbonsuzlaşdırılması cəhdlərinin
həyata keçirilməsi üçün lazımi dəstəyin təmin olunmasına
çalışacaqlar.

“Xalis Sıfır Sürətləndirici” təşəbbüsü Azərbaycanın sement
sənayesi iştirakçılarının dayanıqlı inkişafa sadiqliyini və onların
ekoloji cəhətdən məsuliyyətli təcrübələrin sınaqdan keçirilməsinə
verdiyi yüksək əhəmiyyəti nümayiş etdirir. Qlobal Sement və Beton
Assosiasiyasının rəhbərlik etdiyi təşəbbüsə qoşulmaqla, ASİA
üzvləri Azərbaycanın qlobal iqlim öhdəliklərinin yerinə
yetirilməsinə töhfə vermiş olacaqlar.

Qeyd edək ki, ölkənin aparıcı sement şirkətləri bu il
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-u da
əlverişli fürsət kimi dəyərləndirirlər və davamlı əməkdaşlıq
etməklə, mühüm ekoloji hədəflər üzrə strateji planlaşdırmaları
həyata keçirmək niyyətindədirlər.