
Bakı. Trend:
Orta Dəhlizin bütün üzv dövlətləri arasında koordinasiya və
əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir
Bu barədə Trend-ə “Maersk” şirkətinin Mərkəzi Asiya və Qafqaz
regionunda biznesin inkişafı üzrə meneceri İrakli Daneliya
deyib.
“Orta Dəhliz vasitəsilə nəqliyyatın dəqiq koordinasiyasına imkan
yaradan istənilən təşəbbüsü alqışlayırıq. Bu, inzibati və
sənədləşmə proseslərini sadələşdirməyə kömək etməklə hər bir ölkədə
sərhəd və gömrük məntəqələrində yük tranzitində potensial
gecikmələri azaldacaq. O, multimodal dəhliz olaraq mahiyyətcə
mürəkkəbdir. Bu səbəbdən proseslərin istənilən əlavə
sadələşdirilməsi onun inkişafına imkan yaradacaq”, – deyə o qeyd
edib.
Onun sözlərinə görə, bu inzibati prosedurların sadələşdirilməsi
həlledici əhəmiyyət kəsb edir.
“Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin
təkmilləşdirilməsi üzərində aktiv şəkildə çalışır. Lakin bu
ölkələrin heç biri problemləri təkbaşına həll edə bilməz. Orta
Dəhlizə bir neçə ölkə daxildir ki, bu da hamının xeyrinə
nəzərəçarpan nəticələr əldə etmək üçün koordinasiyanı həyati
əhəmiyyətli edir”, – deyə o bildirib.
“Maersk” nümayəndəsi bildirib ki, Orta Dəhliz Qərb-Şərq və əks
istiqamətdə logistika sistemində davamlı mövqe təmin etməklə
regionlar arasında maneəsiz ticarətə imkan yaradacaq.
“Biz qlobal logistika şirkəti olaraq bütün dünyada
rəqəmsallaşmanı dəstəkləməyə çalışırıq. Son iki il ərzində müxtəlif
regionlardakı platformalarımızda rəqəmsal həlləri aktiv şəkildə
tətbiq etmişik. Hazırda əsas diqqətimizi kompleks həllərin işlənib
hazırlanması üzərində cəmləmişik, bu isə o deməkdir ki, yüklərin
məhsulun mənşəyindən, misal üçün, fabrik və ya fermadan son təyinat
məntəqəsinə – Qazaxıstana və ya istənilən digər Mərkəzi Asiya
ölkəsinə çatdırılmasını həyata keçirəcəyik. Biz “Maersk” şirkəti
olaraq müstəsna olaraq konteyner yüklərinin çatdırılması üzrə
ixtisaslaşırıq. Bu səbəbdən artıq qablaşdırılmış yüklərin
işlənilməsi üçün yerli səviyyədə yük sahibləri, nəqliyyat və
logistika şirkətləri ilə əməkdaşlıq edirik. Bundan başqa,
konteynerləşdirmənin üstünlüklərini vurğulayaraq regiondakı
ixracçıları səpələnən yüklərinin konteynerləşdirilməsi və emalına
fəal şəkildə təşviq edirik”, – deyə o sonda deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























