
Bakı. Trend:
“5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə də KOB-ların
məhsul və xidmətlərinin tanıdılması üçün KOBİA-nın təmin etdiyi
dövlət dəstəyi hesabına ayrıca stend qurulacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol
Group”un birgə təşkilatçılığı ilə iyunun 24-26-da Bakı Ekspo
Mərkəzində “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.
Sərgidə 200-ə yaxın yerli şirkətin sənaye, kənd təsərrüfatı, qida,
İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə
məhsul və xidmətləri nümayiş olunacaq.
Mikro və kiçik sahibkarların məhsullarının tanıdılmasına və
satışına dəstək məqsədilə builki sərgidə də KOBİA-a tərəfindən
KOB-lar üçün ayrıca stend qurulacaqdır. Ödənişsiz olaraq bu stenddə
üç gün ərzində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB
subyektləri iyunun 12-dək KOBİA-ya müraciət edə bilərlər.
Müraciətlərin qəbulu aşağıdakı link vasitəsilə həyata keçiriləcək
(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “5-ci yerli
şirkətlərin tanıtım sərgisi” qeyd olunmalıdır): https://smb.gov.az/az/contact-form/exhibition-form/1
Qeyd: KOBİA tərəfindən mikro və
kiçik sahibkarların ölkəmizdə və xaricdə keçirilən müxtəlif
ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. Agentliyi
təmin etdiyi dövlət dəstəyi hesabına ixtisaslaşmış sərgilərdə
stendlər qurulur və KOB-lar burada heç bir ödəniş etmədən məhsul və
xidmətlərini nümayiş etdirirlər. Bu dəstək KOB subyektlərinin
məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi və bu
vasitə ilə satış imkanlarını artırması ilə yanaşı, sahibkarların
yeni biznes əlaqələri qurması və ixrac imkanlarını genişləndirməsi
baxımından da faydalıdır. Agentlik 2024-cü il ərzində də KOB-ların
ixtisaslaşmış sərgilərdə ödənişsiz iştirakını dəstəkləməkdə davam
edəcək. Dəstək proqramı çərçivəsində stendlərin qurulacağı sərgilər
barədə KOB subyektləri əvvəlcədən məlumatlandırılacaqdır.



























