Advertisement

Azərbaycanda zərgərlik sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan
Standartlaşdırma İnstitutu (AZSTAND) Türk standartları əsasında AZS
TS 11848:2024 “Zərgərlik xidmətləri – Ümumi qaydalar” və AZS TS
12376:2024 “Zərgər – İstehsal – İşçilər üzrə tələblər” yeni dövlət
standartları qəbul edib.

Bu barədə Trend-ə Dövlət Xidmətindən bildirilib.

Yeni dövlət standartları zərgərlik xidmətləri ilə əlaqəli ümumi
qaydaları və zərgərlik peşəsi, bu peşə ilə məşğul olanların
təsnifatını, istifadə olunan alətləri, vasitələri və avadanlıqları,
həmçinin hər bir sinfə aid olan işçinin zərgərlik peşəsi ilə
əlaqədar yiyələnməsi vacib olan bilikləri, bacarıqları, rəftar və
davranışları əhatə edir.

Sözügedən yeni dövlət standartları “Qiymətli metallar və
qiymətli daşlar” standartlaşdırılması üzrə Texniki Komitə
(AZSTAND/TK 36) tərəfindən müzakirəyə çıxarılıb və AZSTAND
tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin
Dövlət Fonduna daxil edilib.