Bakı. Trend:
Gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə
köçmə, habelə əmlakın daşınması üçün xərclər və birdəfəlik
kompensasiya ödəniləcək.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Gömrük orqanlarında xidmət
haqqında Əsasnamə”də dəyişiklikdə öz əksini tapıb.
Layihədə qeyd edilir ki, qeyd olunan xərclərin və
kompensasiyanın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən ediləcəkdir.
Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə
yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə
üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün
pul kompensasiyası ödəniləcəkdir. Pul kompensasiyasının ödənilmə
qaydası və məbləği də müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən ediləcəkdir.
Analoji mexanizm dövlət qulluğunun digər xüsusi növlərində
xidmət keçməni tənzimləyən qanunvericilik aktlarında təsbit
olunmuşdur və praktikada tətbiq olunur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.



























