Advertisement

Olimpiada öncəsi seçim etməli olacağıq – Rəşad Məmmədov

Bakı. Trend:

Biz Azərbaycanın Olimpiadada iki çəkidə təmsilçiliyini təmin
etmişik.

Trend xəbər verir ki, bunu
İdman.biz
qadın cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad
Məmmədov deyib.

O bildirib ki, komanda son aylarda gərgin qrafikdə çıxış etməli
olub: “Hazırlıq üçün daha çox vaxtımız olsaydı, daha yaxşı çıxış
edə bilərdik. Məsələn, Leyla Əliyeva (48 kq) çəki atmaq və
yarışdan-yarışa getmək qədər məşq etməyib. O, son bir ayda iki
“Böyük dəbilqə” turnirində, Avropa və dünya çempionatında iştirak
edib. Leyla bərpa olmağı çatdırmırdı”.

Baş məşqçi Əliyevanın Paris-2024-ə lisenziya əldə etdiyini, amma
qitə kvotası qazanıldığı 52 kq çəkidə vəziyyətin fərqli olduğunu da
vurğulayıb: “Biz Parisə gedəcək idmançını Gültac Məmmədəliyeva və
Aydan Vəliyeva arasında seçim edərək müəyyənləşdirəcəyik. Hər iki
idmançı lisenziya xalları toplayıb”.

Mütəxəssis Açelya Toprakın (57 kq) Olimpiadaya vəsiqə
qazanmadığını da qeyd edib: “Dünya çempionatında iki mərhələ
keçməsinə baxmayaraq, Açelyanın nəticəsi qitə vakansiyası qazanmağa
yetərli olmadı. Son anadək onun namizəd olduğu həmin qitə kvotası
başqa kateqoriyaya keçdi”.

Məmmədov yığmanın hazırlıq planına da toxunub. O bildirib ki,
millimiz mundialdan qayıdan kimi Bakıda toplanışa başlayacaq.