Advertisement

Ölkədə orta aylıq əməkhaqqı ARTIB

Bakı. Trend:

2024-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan
işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə
nisbətən 10,1% artaraq 942,4 manat olub.

Trend Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma
sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə,
peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar
təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək
olub.

2024-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla
çalışan işçilərin sayı 1725,1 min nəfər olmuş, onlardan 901,7 min
nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə
qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,5 faizi
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi
dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,3 faizi tikinti,
4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və
texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə
iqtisadiyyatın digər sahələrində məşğul olublar.