Advertisement

Financial Chain Corporation və Gənc Mühasiblər İctimai Birliyi Şuşada (FOTO)

Bakı. Trend:

Financial Chain Corporation (FCHAIN) və Gənc Mühasiblər İctimai
Birliyi (GMİB) -nin təşkilatçılığı ilə 18 may 2024-cü il tarixində
ümummilli liderimiz Heydər Əliyevin 101-ci ildönümü münasibətilə
Şuşa şəhərinə səfər təşkil edilib.

Səfərin əsas məqsədi maliyyəçilərin Şuşa şəhərinə ilk
səfər-gəzintisinin təşkil edilməsi ilə yanaşı, işğaldan azad
edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə töhfə verilməsi,
bu ərazilərə maliyyə axınının cəlbi, sahibkarlığın gələcək inkişafı
perspektivləri, sahibkarlıqda yaşıl iqtisadiyyatın rolunun müzakirə
olunacağı forumun təşkili idi.

Şuşaya səfər çərçivəsində forum iştirakçıları Güllələnmiş
büstlər, Gövhər Ağa Məscidi, Cıdır Düzü və Şuşa Qalasını ziyarət
etdilər. Güzəl Şuşamızın əsrarəngiz mənzərəsi səfər
iştirakçılarında unudulmaz təəssürat yaratdı.

Financial Chain Corporation-nın Baş Direktor müavini Valid
Hüseynov Şuşaya səfər təəssüratlarını bizimlə də bölüşdü:
“Qarabağımızın gözü olan Şuşamızda bu gün keçirdiyimiz fəxr
və qürur hissinin həddi hüdudu yoxdur. Ziyarət etdiyimiz hər abidə
bizdə sözlərlə ifadə edilməyəcək hisslər yaratdı. Mən Şuşada ilk
dəfə 4 yaşımda olmuşam. Bura mənə çox əzizdir. Şuşa
Azərbaycanımızın incisidir”.

Şuşamızın tarixi abidələrini ziyarət edərkən bu parlaq qələbədə
canından keçmiş igid vətən övladlarının xatirəsini hörmətlə anan
Valid Hüseynov bildirdi: “Əzəmətli Şuşa Qalasına baxınca
sanki gözümün önündə Şuşa uğrunda müharibə canlanır. Bu əraziləri,
mürəkkəb relyefi görəndə igidlərimizin Şuşanı necə çətinliklə
düşmən caynağından azad etmələrini təsəvvür edə bilirik. Həqiqətən
bu hissləri bir ömür unutmayacağıq.”