
Bakı. Trend:
Azərbaycan Sement İstehsalçıları Assosiasiyasına üzv olan “Norm”
ASC, qurumun sement və beton sənayesində CO2 emissiyalarının
azaldılmasını nəzərdə tutan “Xalis Sıfır Sürətləndirici” (Net Zero
Accelerator) təşəbbüsünə qoşulub. Şirkət assosiasiyanın 6-7 may
tarixlərində təşkil etdiyi seminarlarda iştirak edərək, dayanıqlı
inkişafla bağlı paylaşılan təcrübələrə və iqlim fəaliyyətinə
yönəlmiş geniş müzakirələrdə yer alıb. 6 may tarixində “Norm” ASC
assosiasiyanın üzvü kimi Avropa Sement Tədqiqatları Akademiyası
(ECRA) ilə Anlaşma Memorandumunu da imzalayıb.
Bu tərəfdaşlıq sement və beton sənayesində dayanıqlı inkişafı
dəstəkləmək və inşaat sahəsində bütün dəyər zənciri boyunca CO2
emissiyalarını azaltmaq üçün beynəlxalq təcrübədən və yerli
biliklərdən istifadə etməklə, eləcə də qanunvericilik və
tənzimləmələrə nail olmaqla, Azərbaycanın sement sənayesi üçün
“Xalis Sıfır Yol Xəritəsi” hazırlamaq məqsədi daşıyır.
Sement sənayesinin karbonsuz və dayanıqlı gələcəyinə doğru
istiqamətlənən bu təşəbbüs Norm üçün böyük əhəmiyyət kəsb edir və
şirkətin gələcəyə baxışını əks etdirir. Layihə boyunca Norm ətraf
mühit və iqlimlə bağlı strategiyaları təşviq etmək və həyata
keçirmək üçün dövlət qurumları, qeyri-hökumət təşkilatları və
sənaye tərəfdaşları da daxil olmaqla, müxtəlif maraqlı tərəflərlə
sıx işləyəcək.
Qeyd edək ki, “Norm” ASC məsuliyyətli fəaliyyət öhdəliyi götürüb
və şirkətin strategiyasında ətraf mühitin qorunmasına və dairəvi
iqtisadiyyatın tətbiqinə önəmli yer verilir. Ekoloji sement həlləri
ilə daha təmiz gələcəyə töhfə vermək üçün Norm Sement zavodunda
təbii ehtiyatlardan qənaətlə istifadə olunur. Bu məqsədilə, xammal
istehsalında tullantılardan və alternativ yanacaqdan istifadə
edilir, eləcə də tullantıların təkrar emalı həyata keçirilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.



























