
Bakı. Trend:
Qiymətli məhsulların daxili bazarda pərakəndə satışı üzrə
layihənin əsas məqsədi milli-mədəni irsimizin təbliği olsa da,
məhsullarımız eyni zamanda sərfəli yatırım aləti kimi də böyük
marağa səbəb olub. Yerli qızıl və gümüşdən hazırlanan sikkə və
külçələrin pərakəndə bazarda özünü kifayət qədər doğrultması
Səhmdar Cəmiyyət üçün zamanla əlavə gəlir mənbəyi formalaşdırıb və
2021-ci ildə ilk Satış və mübadilə mərkəzinin yaradılmasına zəmin
yaradıb.
Trend xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə
Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik
sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey
ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.
İdarə Heyətinin sədri bildirib ki, İqtisadiyyat Nazirliyinin
təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı istiqamətində
həyata keçirilən islahatlara əlavə dəstək məqsədilə yaradılan Satış
və mübadilə mərkəzinndə qiymətli məhsulların satışı, qızılın dünya
birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi təmin
edilir, beləcə yerli bazarın tələbatının keyfiyyətli şəkildə
ödənilməsi istiqamətindəki fəaliyyətimizə mühüm töhfə verilir”.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və
gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr
ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli
pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli
metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı
stimullaşdırmaqdır.
Müxtəlif çəkilərdə, ən yüksək – 999.9 əyarda hazırlanan qızıl və
gümüş sikkələr, eləcə də qızıl külçələr “AzerGold” QSC-nin Bakı
şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə
mərkəzində və onlayn satış platforması – “www.azergold.gift”
vasitəsi ilə alıcılara təqdim edilir.



























