
Bakı. Trend:
Ölkəmizin dağ-mədən sənayesini təmsil edən “AzerGold” QSC
qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda çəkisinin
artırılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi
istiqamətində fəaliyyətini uğurla davam etdirir. Sözügedən sektor
üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə
qərarlaşan “AzerGold” bugünədək 412 min unsiya
qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4
ton) ixracını həyata keçirib. Əlavə olaraq, yerli bazarda
15 min unsiya (0.5 ton) qızıl və 100
min unsiya (3.1 ton) gümüş realizə edilib. Bu əməliyyatlar
nəticəsində əldə edilən ümumi gəlir 1 milyard 232
milyon manatı ötüb.
Trend xəbər verir ki, bu sözləri “AzerGold” QSC-nin İdarə
Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik
sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey
ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.
“AzerGold” QSC-nin ölkəmizin dağ-mədən sənayesinin inkişafı
istiqamətində fəaliyyətindən danışan Z.İbrahimov qeyd edib ki,
şirkətin hasilat və istehsal fəaliyyəti fonunda yerli icmalarla iş,
ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib
sahələrə davamlı töhfələrin verilməsi də əsas məqsədlərimiz
sırasına daxildir.
İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin fəaliyyətinin müasir
dövrün çağırışlarına, yerli və beynəlxalq qanunvericiliyə uyğun
olaraq təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, QSC
tərəfindən yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, innovativ
həllərin tətbiqi, ekosistemin gücləndirilməsi istiqamətində bir
sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə
tutulur.



























