Bakı. Trend:
Hidayət Heydərovun çempionluğuna hamımız sevinirik.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
Azərbaycan millisinin sabiq cüdoçusu Elxan Məmmədov deyib.
O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatında
Hidayət Heydərovun (73 kq) qızıl medal qazanmasını dəyərləndirib.
Bu yarışadək Azərbaycanın cüdoda yeganə dünya çempionu bildirib ki,
qələbə böyük bir işin göstəricisidir: “Hidayətin bu qələbəsinə
bütün cüdo ailəsini sevinir. Onun 11 ildən sonra mundailda
Azərbaycan himnini səsləndirməsi böyük bir uğurdur. İlk dünya
çempionu mən idimsə, 11 ildən sonra bunu Hidayət bacarıbsa, bu,
dünya çempionatlarının nə qədər dramatik və gərgin keçdiyinin
göstəricisidir. Yəni dünya çempionatı sıradan bir yarış deyil.
Olimpiya və dünya çempionatında nəticə vermək böyük uğurdur.
Mundialda bir çəkidə aparıcı ölkələrin iki idmançısı iştirak edə
bilər. Bu da rəqabətin artmasına səbəb olur. Qələbə böyük bir işin
nümunəsidir. Təbii ki, çempionluğun arxasında tək Hidayət durmur,
əldə olunan nəticə böyük kollektivin əziyyətidir”.
O, Hidayət Heydərovun çempionluğuna əvvəldən də inandığını
deyib: “Onun son bir ildəki forması hər şeyin əyani sübutu idi. Özü
ilə danışanda da mənə dedi ki, bu il Avropa, dünya və Olimpiya
çempionu olacam. Sevindirici haldır ki, o, istəyinin ikisinə nail
olub. Yalnız Olimpiya çempionluğu qalıb. İnanırıq ki, Hidayət
Olimpiada da qızıl medal qazanacaq. Düzdür, cüdoda hər şey ola
bilər, hər saniyənin öz hökmü var. Hidayət dünya çempionatında
yapon rəqibinə vazzari xalı ilə məğlub olurdu, lakin son 10
saniyədə döyüşün taleyini dəyişdi. Cüdo səhvi sevmir. Sən daim ona
qarşı məsuliyyətli və hazırlıqlı olmalısan. Hidayətə isə arzumuz
Olimpiya qızılını qazanmasıdır. Ümid edirik ki, hər şey yaxşı
olacaq və Hidayət Parisdən Vətənə qızıl medalla qayıdacaq”.
Qeyd edək ki, Heydərov finalda yaponiyalı Tatsuki İşiharaya
qalib gəlib.





























