
Bakı. Trend:
Orta Dəhlizin səmərəliliyini artırmaq üçün riskləri və xərcləri
minimuma endirmək məqsədilə özəl şirkətlərlə qarşılıqlı əlaqə
qurmaq lazımdır.
Trend-in çərşənbə günü verdiyi məlumata görə, bunu Azərbaycanın
ABŞ-dakı səfiri Xəzər İbrahim Vaşinqtonda Xəzər Siyasi Mərkəzinin
(CPC) təşkilatçılığı ilə keçirilən VIII Transxəzər Forumu zamanı
deyib.
Xəzər İbrahim qeyd edib ki, Azərbaycan yeni elektrik ötürücü
kabellərin və yeni enerji istehsalı müəssisələrinin tikintisi
hesabına bərpa olunan enerji potensialını əhəmiyyətli dərəcədə
genişləndirmək üzərində işləyir.
“Azərbaycanın təklif etdiyi Xəzər-Avropa İttifaqı yaşıl enerji
dəhlizi Orta Dəhlizin bir hissəsidir və bu dəhliz vasitəsilə təkcə
mallar deyil, həm də enerji və texnologiya da ötürülə bilər”, –
deyə Xəzər İbrahim bildirib.
Səfir daha sonra Qara dəniz sualtı kabeli üzrə Gürcüstan,
Rumıniya və Macarıstanla əməkdaşlıqdan danışıb.
“Biz həm də tərəfdaşlarımızın və dostlarımızın sayını
çoxaltmalıyıq və ümid edirəm ki, Birləşmiş Ştatlar bu işdə ən mühüm
və sadiq dostlardan biri olaraq qalacaq”, – deyə Xəzər İbrahim
əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin
dəmir yolu konteyner yükdaşıma şəbəkələrini Mərkəzi Asiya, Türkiyə
və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.
Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara
dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan,
Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.
Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa
ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır.
Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün
ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan
nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.



























