
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 min
nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çox
əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, gələnlərin 28,8%-i Rusiya, 19,0%-i Türkiyə,
9,7%-i İran, 8,4%-i Hindistan, 4,6%-i Gürcüstan, 3,1%-i Qazaxıstan,
hər birindən 2,4% olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9%-i
Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,4%
olmaqla Ukrayna və Türkmənistan, 1,3%-i Küveyt, 1,2%-i Belarus,
1,1%-i Çin, 11,5%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin
71,1%-ini kişilər, 28,9%-ini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3
dəfə, Hindistandan – 2,4 dəfə, Qazaxıstandan – 2,1 dəfə, Cənubi
Koreyadan – 2,0 dəfə, Səudiyyə Ərəbistanından – 2,0 dəfə,
Bəhreyndən – 2,0 dəfə, Qırğızıstandan – 1,9 dəfə, Filippindən – 1,9
dəfə, Omandan – 1,9 dəfə, İspaniyadan – 1,8 dəfə, İrandan – 1,6
dəfə,Tacikistandan – 1,6 dəfə, Misirdən – 1,5 dəfə, Türkmənistandan
– 1,5 dəfə, Küveytdən – 1,5 dəfə, Yəməndən – 49,8 %, İordaniyadan –
49,4 %, İtaliyadan – 49,1 %, Pakistandan – 41,6 %, Özbəkistandan –
33,4 %, Polşadan – 28,2 %, Almaniyadan – 28 %, Türkiyədən – 25,9 %,
Rusiyadan – 25,8 %, Ukraynadan – 23,9 %, Birləşmiş Ərəb
Əmirliklərindən – 22,3 %, Gürcüstandan – 15,4 %, ABŞ-dan – 12,7 %,
Fransadan – 11,5 % artıb.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz
ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər,
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 % artaraq
27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 % artaraq
277,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7
%-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz
nəqliyyatından istifadə edib.



























