Bakı.Trend:
Mayın 23-də Dövlət Turizm Agentliyi tərəfindən Atəşgah məbədində
“Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq
konfransa start verilib.
Trend xəbər verir ki, AMEA-nın Arxeologiya və Antropologiya
İnstitutu ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil olunan
konfransın məqsədi arxeoloji turizm istiqamətində ən qabaqcıl
təcrübələri öyrənmək və onların Azərbaycandakı abidələrdə tətbiq
olunması yollarını müzakirə etməkdir.
Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm
Agentliyinin sədr müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu
mövzuda tədbirin keçirilməsinin həm turizm baxımından, həm də
mədəni irsimizin, tariximizin təbliği baxımından çox əhəmiyyətli
olduğunu bildirib. Sədrin müavini A.Hüseynova Dövlət Turizm
Agentliyinin dəstəyilə tarixi qoruqlarda aparılmış elmi tədqiqatlar
və arxeoloji qazıntılar, üzə çıxarılan nadir tapıntılar haqqında
danışıb. Konfransın Azərbaycanın irs abidələrinin turistik tətbiqi
ilə bağlı faydalı fikir mübadiləsi aparılması, Azərbaycanın
arxeoloji turizm potensialının tam reallaşdırılması istiqamətində
atılan mühüm addımlardan biri olacağına inandığını bildirən Azadə
Hüseynova konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət
Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin
araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib.
Ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində
Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi
mədəniyyət nümunələri aşkar edildiyini, bu nümunələrin qorunduğunu
bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
Heyətinin sədri Şahin Seyidzadə paytaxtımızın tarixi mərkəzindəki
qədim abidələrin, mədəni irsin qorunması istiqamətində tətbiq
edilən yeni metodlar barədə məlumatı konfrans iştirakçılarının
diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
Səbinə Hacıyeva qonaqlara ölkəmizdə mövcud arxeoloji memarlıq
abidələri və onların mühafizəsi, bərpası istiqamətində görülən
işlər haqqında məlumat verib.
İstanbul Universitetinin Arxeologiya fakültəsinin professoru
Mehmet Özdoğan bu beynəlxalq konfransın təcrübə və bilik mübadiləsi
baxımından səmərəli olacağından əminliyini ifadə edərək, tədbirin
təşkili ilə bağlı iştirakçılar adından təşəkkürünü çatdırıb.
Daha sonra Azərbaycanın arxeoloji irsinə həsr olunmuş qısa
filmin nümayişi baş tutub.
Rəsmi açılış mərasimindən sonra konfrans işinə başlayıb. UNESCO
yanında Mədəni İrsdə Arxeologiya Etikası və Praktikası üzrə sədri,
Böyük Britaniyanın Arxeologiya departamentinə Beynəlxalq Mədəni
İrsin İdarə Edilməsi üzrə MA Proqramının həmdirektoru Robin
Coningham, ABŞ-ın “Colonial Williamsburg” fondunun tarixi
araşdırmalar bölməsinin direktoru, EXARC (Arxeoloji Açıq Hava
Muzeylərinin Beynəlxalq Assosiasiyası) sədri Dr. Peter Inker,
Almaniyanın “Museumsdorf Düppel – Stiftung Stadtmuseum Berlin” orta
əsrlər arxeoloji açıq səma muzeyinin kuratoru Dr. Julia Heeb fərqli
mövzularda məruzələrlə çıxış ediblər. Bundan əlavə, Azərbaycanın
zəngin arxeoloji irsi və arxeoloji turizm perspektivlərinə həsr
edilmiş sessiyada azərbaycanlı alimlər Qarabağda Pleistosen dövrünə
aid olan arxeoloji abidələr, o cümlədən Azıx və Tağlar mağaraları,
Füzuli rayonu ərazisində “Kurqanlar və nekropollar barədə
təqdimatlar keçirilib.
Tədbirdə ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Almaniya,
Türkiyə və digər ölkələrdən 15-ə yaxın ekspert iştirak edir.
Dünyanın aparıcı arxeoloji parklarının rəhbərləri və İCOMOS kimi
beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı bu konfransda
iki gün ərzində 20-dən artıq məruzə təqdim ediləcək.
Konfrans çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq
Qoruğunun ərazisində açıq havada “Eksperimental arxeologiya”
mövzusunda sərgi-ekspozisiya da təşkil olunub. Burada qoruğun
ziyarətçiləri və turistlər Paleolit dövrünə aid çadırı seyr edərək,
ibtidai insanların müxtəlif məşğuliyyətlərini əyani surətdə
izləmək, daş, buynuz, ağac və s. materiallardan əmək alətlərinin
hazırlanması, od əldə edilməsi yollarını təcrübədən keçirə
biliblər. İştirakçılar həmçinin oxatma yarışlarında, divar
rəsmlərinin çəkilməsində iştirak ediblər, dulusçuluq ustalarının
işi ilə tanış olmaqla keramikadan müxtəlif əşyalar
hazırlayıblar.
Qeyd edək ki, konfrans çərçivəsində tədbir iştirakçıları Qəbələ
Arxeoloji Mərkəzini ziyarət ediblər, həmçinin Çuxur Qəbələ, Səlbir
və Qala əraziləri ilə tanış olublar. SEBA (Seul-Bakı)
Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri,
Biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova qonaqları Qafqaz
Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi barədə maraqlı
faktlarla tanış edib. Səfər zamanı konfrans iştirakçıları Qəbələ
Nic qəsəbəsində “Udi Ocağı”nı da ziyarət ediblər.



























