Advertisement

Dövlət büdcəsindən ayrılan bir milyar manat bank hesablarında istifadəsiz qalıb

Bakı. Trend:

Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin
əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının
2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan
Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının
2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatına
Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd
olunub.

Dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən,
təxminən 600,0 mln. manatdan çox dövlət büdcəsinin vəsaiti bank
hesablarında qalıb.

Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması
və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə
qurumların məlumatlarının seçmə qaydada təhlili 280,0 mln. manatın
bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq,
subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin
(seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar
əsasında) 200,0 mln. manatdan çoxu istifadəsiz saxlanılıb.
Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1,0
mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz
saxlanılıb.