Advertisement

Xəzəri görmək arzusunda idim – 110 günə Bakıya gələn ultramarafonçu

Bakı. Trend:

Mərakeşli ultramarafonçu Karim Mosta velosipedlə ölkəmizə
gəlib.

Trend İdman.biz
istinadən xəbər verir ki, o, yerli velosipedçilərlə birlikdə Bakıda
Velotrekdə yürüş edib.

Daha sonra Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşla
bərabər ultramarafonçunun iştirakı ilə mətbuat konfransı
keçirilib.

Səfir Gənclər və İdman Nazirliyinə, Azərbaycan Velosiped İdmanı
Federasiyasına minnətdarlığını bildirib: “Velosipedçimizə də
təşəkkür edirik ki, o, uzun bir yolçuluğa Azərbaycanı da daxil
edib. Mosta Kasablankadan Pekinədək veloyürüş edəcək. O, ilk dəfə
bunu etmir. Tanınmış marafonçudur və şəxsi saytı da var. Keçdiyi
günlərin hər birini orada qeyd edir. Karimin keçdiyi yollar
haqqında danışmağa başlasam, sabaha kimi burda olacağıq. Onun indi
fəth etmək istədiyi yol 14 min kilometrdən artıqdır. Bu, sadəcə
sözdə asan görünə bilər. Hazırda biz yalnız Karim haqda danışmırıq.
Bu həm də iki ölkə arasında olan dostluğu nümayiş etdirir. Gənclərə
örnək və insanlar arasında mehribanlığın təcəssümüdür. Karimin bura
gəlməyi adi deyil. Bu, Azərbaycanın velosiped ölkəsi kimi
tanınmasının nümunəsidir. Sizin velosipedçilər Mərakeşə gələrək
orda da iştirak ediblər”.

Mosta isə gözəl qarşılanmaya görə minnətdarlığını ifadə edib. O
bildirib ki, ölkəsinin səfirinin də bura gəlməsi onun üçün böyük
şərəfdir: “Gənclərlə velosiped sürmək çox xoş oldu. 9 əsr bundan
öncə İbn Batuthanın keçdiyi yolu fəth etməyə qərar verdim. İkinci
növbədə isə mən bunu ona görə etdim ki, digər ölkələrə gedib fərqli
insanlarla tanış olum. Kasablankadan bura 7510 kilometri 110 gün
ərzində gəlmişəm. Olduğum hər ölkədə gözəl qarşılanmışam. Yolum
uzandıqca insanlar daha çox təəccüblənirlər. Sərhədi Azərbaycana
keçdiyim gündən indiyə kimi yalnız və yalnız gözəl insanlarla
rastlaşıram. Qarşılaşdığım hər kəs mənə kömək etmək üçün əlindən
gələni edir. Polis əməkdaşları yol göstərirlər, çay belə təklif
edirlər. İsmayıllıda bir gün dincəlmək üçün qaldım. İcra
Hakimiyyəti tərəfindən çox gözəl qarşılandım və velosiped zavodunda
da oldum. Təbiəti çox gözəldir. Dünən 125 kilometr məsafə qət etdim
və bir az o yol mənə ağır gəldi. 2019-cu ildə Kasablanka Məkkə
yolunu qət etmişəm. Bu da Batuthanın ilk yolu idi. Xəzər dənizini
görmək arzusunda idim, buna nail oldum. Burdan isə Qazaxıstan,
Özbəkistan, Tacikistan, Qırğızıstan və Çinə gedəcəm ki, yolumu
bitirim”.

Yekunda mərakeşli velosipedçinin keçdiyi yollarla bağlı
video-çarx nümayiş etdirilib.