
Leypsiq. Trend:
Milli səviyyədə nəqliyyat infrastrukturunun inkişafı mühüm
maliyyələşdirmə tələb edir.
Trend xəbər
verir ki, bu barədə TRACECA-nın baş katibi Asset Assavbayev Leypsiq
şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda (ITF) deyib.
“Nəqliyyat infrastrukturu qlobal bağlantıların təmin edilməsində
mühüm rol oynayır. İnfrastrukturun inkişafının vacibliyi həmçinin
beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən aparılan
müxtəlif araşdırmalarda dəfələrlə vurğulanıb. Bundan başqa, qeyd
olunur ki, milli səviyyədə infrastrukturun daha da inkişafı üçün
zəruri tədbirlərin görülməsi mühüm maliyyələşdirmə tələb edir.
Misal üçün, AYİB-in Avropa və Mərkəzi Asiya arasında dayanıqlı
nəqliyyat rabitəsi haqqında hesabatında deyilir ki, təkcə Mərkəzi
Asiyada infrastrukturun inkişafı üçün təqribən 18 milyard avro
tələb olunur”, – o deyib.
Assavbayev qeyd edib ki, 14 üzv ölkənin hamısındakı həm maddi,
həm də qeyri-maddi infrastrukturu nəzərə aldıqda bu məbləğ xeyli
yüksəkdir.
“İnfrastrukturun inkişafına artıq qoyulmuş mühüm investisiyaları
nəzərə alaraq, tədbirlərin razılaşdırılmasını təmin etmək xüsusən
vacibdir, çünki sərhəd infrastrukturunun imkanları bir-birinə uyğun
olmalıdır. Daşınan yüklərin həcmində müşahidə olunan artım
nəqliyyat infrastrukturu üzərindəki yükün artmağa davam edəcəyini
bir daha vurğulayır”, – deyə baş katib aydınlıq gətirib.
Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətin
əlaqələndirilməsi regionlararası əlaqələrin gələcək həyat
qabiliyyətinin təmin edilməsində əsas rol oynayır.
“ITF-in bu açıq sessiyasının bütün iştirakçılarını birgə
səylərin və ən əsası, əlaqələndirilmiş və razılaşdırılmış
tədbirlərin zəruriliyini dərk etməyə çağırıram. Əminəm ki,
infrastruktur imkanlarının harmonizasiyasına imkan yaradılması
gələcəkdə potensial çatışmazlıqların aradan qaldırılmasına kömək
edəcək. Fikrimcə, logistika marşrutlarının daimi təkamülü və
təchizat zəncirlərinin yenidən qurulmasını nəzərə aldıqda
beynəlxalq koordinasiya olduqca aktualdır”, – deyə Assavbayev əlavə
edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























