Bakı. Trend:
“Şamaxı” futbol klubunun baş məşqçisi Ramiz Məmmədovun
İdman.bizə müsahibə verib.
Trend İdman.biz-ə
istinadən müsahibəni təqdim edir:
– I Liqada mövsümü çempion kimi bitirdiniz. İli necə
dəyərləndirərdiniz?
– Bu, hamımızın zəhmətinin bəhrəsi idi. Çempion olduğumuz üçün
çox sevincliyik. Bizə dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkür
edirik. Ümid edirik ki, uğurun davamı gələcək.
– Mövsümdə hansı oyunu fərqləndirərdiniz və hansı
komanda sizə “diş” göstərdi?
– Fikrimcə, fərqlənən oyunlar oldu. Səfərdə “Qaradağ Lökbatan”la
matçı deyərdim. Bu matçda qazandığımız qələbə qızıl medallar əldə
etməyimizə səbəb oldu.
– Yeni mövsümdə heyəti qoruyub saxlayacaqsınız, yoxsa
artıq “qara siyahınız” hazırdır?
– Heyətin qorunub saxlanılması birbaşa rəhbərliklə bağlıdır.
Bununla bağlı müzakirələr aparılacaq. Qərarın əksəriyyətini klub
rəhbərliyi verəcək. Bütün bu proseslər məsləhətləşmə ilə
olacaq.
– Aşağı liqa təmsilçilərinin lisenziyalaşdırılması ilə
bağlı son qərar mayın 27-də veriləcək. AFFA-nın Lisenziya
Komissiyasından gözləntiləriniz nədir?
– Bununla menecerimiz məşğuldur. İnanırıq ki, lisenziyanı əldə
edəcəyik. Bu istiqamətdəki bütün gözləntilərimiz doğrulacaq. Hər
şeyi zamana buraxıb, qərarı gözləməliyik.
– Əgər “Şamaxı”ya lisenziya verilsə, legionerlərin cəlb
edilməsi nəzərdə tutulub, yoxsa yenə də yerli futbolçulara
üstülünlük veriləcək?
– Bütün bu kimi məsələlər klub rəhbərliyinin qərarından asılı
olacaq. Bu səbəbdən dəqiq nəsə deyə bilmərəm. Zamanı gəldiyi zaman
açıqlayacağıq.
– Bəs əsas hədəf nədir?
– Premyer Liqada “Şamaxı”nı yuxarı pillələrə qaldırmaq və
azarkeşlərimizi sevindirmək istəyirik.





























