
Bakı. Trend:
Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət
və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə
7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.
Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat
verilib.
Bildirilib ki, MDB ölkələri arasında ən yüksək nəticəyə malik
2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə
mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub.
2023-cü ilin sonuna təqdim edilən məlumatlar əsasında hazırlanan
hesabatda “Uyğun Mühitin Mövcudluğu” komponenti üzrə biznes mühiti,
təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək
bazarına dair göstəricilərdə, həmçinin “Səyahət və Turizm Siyasəti
və Uyğunluq Şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq və qiymət
rəqabətliliyi göstəricilərində, “Səyahət və Turizm Tələbinə Təsir
Edən Amillər” komponenti üzrə mədəni resurslara dair göstəricidə və
“Səyahət və Turizmin Dayanıqlılığı” komponenti üzrə ekoloji
davamlılıq və sosial-iqtisadi dayanıqlılıq göstəricilərində
yüksəlmə qeydə alınıb.
Alt-indikatorlar üzrə səyahət və turizmə dair statistik
məlumatların beynəlxalq qurumların məlumat bazalarına mütəmadi
olaraq ötürülməsinə dair göstərici üzrə Azərbaycan 2021-ci ildə
olduğu kimi bu il də mümkün ən yüksək nəticə ilə 1-ci pillədə
qərarlaşıb.
Bununla yanaşı, Qlobal Terrorizm İndeksi üzrə nəticələrə əsasən
Azərbaycan əvvəlki hesabat üzrə mövqeyini 34 pillə yaxşılaşdıraraq
ən təhlükəsiz ölkələr sırasında 1-ci pilləyə yüksəlib. Əlavə
olaraq, gəlmə turizmində mövsümilik amili üzrə 39 pillə, illik
səyahət və turizm məlumatlarının əhatəliliyi göstəricisi üzrə 28
pillə, Ümumdünya İrs Siyahısına daxil olan təbii nümunələrin sayına
görə 29 pillə, rəqəmsal ödənişlər və 3G mobil şəbəkənin əhatə
dairəsi göstəricilərində isə müvafiq olaraq 18 və 32 pillə
irəliləyiş qeydə alınıb.
Hesabatda, həmçinin qısamüddətli icarəyə verilən evlərin sayının
qonşu ölkələrlə müqayisədə daha az olması, səyahət və turizm üzrə
kapital qoyuluşunun, ikitərəfli hava xidmətləri üzrə digər
ölkələrlə imzalanan sazişlərin sayının, biomüxtəliflik və xüsusi
mühafizə olunan təbiət ərazilərinin, ətraf mühitə dair ratifikasiya
edilən müqavilələrin sayının artırılması ilə bağlı çağırışlar
müəyyənləşdirilərək Azərbaycanın turizm sektorunda
təkmilləşdirilməyə ehtiyac duyulan göstəricilər kimi təqdim
olunub.
Qeyd edək ki, Səyahət və Turizmin İnkişafı İndeksində
Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə Dövlət
Turizm Agentliyinin təşəbbüsü ilə Biznes mühiti və beynəlxalq
reytinqlər üzrə Komissiyanın tərkibində 2022-ci ilin oktyabr ayında
aidiyyəti dövlət qurumları və biznes subyektlərindən ibarət
“Turizmin inkişafı” işçi qrupu yaradılıb
(https://azranking.az/working-groups). Ötən müddət ərzində işçi
qrupu ölkənin sözügedən indeksdə mövqeyinin yaxşılaşdırılması
istiqamətində dövlət və özəl qurumlarının əlaqələndirilmiş
fəaliyyətini təşkil edib və müvafiq Fəaliyyət Planı icra olunub.
Hazırda işçi qrupunun müasir çağırışlara və hədəflərə əsaslanan
yeni Fəaliyyət Planının layihəsinin rəsmiləşdirilməsi aparılır.
Səyahət və Turizmin İnkişafı İndeksi (Travel and Tourism
Development Index- TTDI) 2007-ci ildən etibarən iki ildə bir dəfə
olmaqla turizmin iqtisadi və sosial təsirini, davamlı inkişafa
təsirini, fərqli qurumlar arasındakı əməkdaşlıq imkanlarını, yerli,
regional və beynəlxalq inkişaf strategiyalarını da özündə əks
etdirən Dünya İqitsadi Forumu tərəfindən əvvəlki illərdə hazırlanan
Səyahət və Turizm Rəqabətqabiliyyətlilik İndeksinin (Travel and
Tourism Competitiveness Index) daha təkmil forması hesab
edilir.



























