Advertisement

Orta Dəhliz artıq Şərqlə Qərb arasında tranzitdə əsas rollardan birini oynayır – Özbəkistanın nəqliyyat naziri (ÖZƏL MÜSAHİBƏ)

Leypsiq. Trend:

Orta Dəhliz artıq Şərqlə Qərb arasında tranzitdə əsas rollardan
birini oynayır.

Bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın nəqliyyat
naziri İlhom Maxkamov deyib.

“Orta Dəhliz artıq bu gün Şərqlə Qərbi arasındakı əsas nəqliyyat
marşrutlarından biri kimi özünü göstərir. Bu dəhlizin inkişafında
Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan həmkarlarımızla daha
fəal əməkdaşlıq etmək niyyətindəyik”, – İ.Maxkamov Beynəlxalq
Nəqliyyat Forumunun (ITF) Almaniyanın Leypsiq şəhərində keçirilən
sammitinin kuluarlarında deyib

Onun sözlərinə görə, Özbəkistan öz ixrac və idxalı üçün
marşrutların şaxələndirilməsində maraqlıdır və hətta buna
məcburdur.

“Biz tranzit axını artıraq, eyni zamanda yükdaşıma marşrutlarını
şaxələndirməyə, idxal və ixrac etdiyimiz mallar üçün yeni dəhlizlər
tapmağa sadəcə məcburuq. Səbəb geosiyasi vəziyyətdir, axı bütün
logistika zənciri dəyişib”, – deyə nazir əlavə edib.

Nazir qeyd edib ki, Orta Dəhlizin iştirakçı ölkələrinin ilk
növbədə tarif və infrastruktur olmaqla, hələ görməli olduğu işlər
var.

“Bu gün Orta Dəhliz üzrə tariflər Şimal və Cənub marşrutları ilə
müqayisədə bir o qədər də rəqabət qabiliyyətli deyil.
Razılaşdırdığımız güzəşt necə deyərlər, digər dəhlizlərlə
müqayisədə dəmir yolu ilə yük daşımaları ilə bağlı vəziyyəti
tənzimləyir”, – o deyib.

Nazir vurğulayıb ki, söhbət tariflərə 50 faiz güzəştdən
gedir.

“Bu marşrutun keçdiyi ölkələrin dəmir yolu administrasiyaları
beştərəfli formatda tarif preferensiyaları razılaşdırıb. Düşünürəm
ki, bu dəhlizlə yük daşımalarının həcmini artırmağa kömək edəcək”,
– deyə o əlavə edib.

“Əlbəttə, hələ həll edilməli infrastruktur məsələləri var.
Dəhlizin tıxaclar yaranan bəzi sahələri genişləndirilməlidir. Lakin
Qazaxıstan və Türkmənistandan, eləcə də Azərbaycan və Gürcüstandan
olan həmkarlarımızın mövcud məsələlərin həlli üzərində necə
işlədiklərini görürük və bu, Orta Dəhlizin əsas tranzit
marşrutlarından biri olacağına dair əminlik yaradır”, – deyə nazir
sonda bildirib.

Qeyd edək ki, 22-24 may tarixlərində Almaniyanın Leypsiq
şəhərində Litvanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun
(ITF) dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə sammiti
keçirilir. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial
dayanıqlılığa səbəb olmaqla, necə iqtisadi artıma imkan yarada
biləcəyi haqqında müzakirələr və fikir mübadiləsi aparır.

Beynəlxalq Nəqliyyat Forumu (ITF) 60-dan çox ölkənin, o cümlədən
Azərbaycanın da iştirak etdiyi hökumətlərarası təşkilatdır.

ITF 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(İƏİT) yanında 1953-cü ildən etibarən fəaliyyət göstərən Avropa
Nəqliyyat Nazirləri Konfransının (ECMT) varisi kimi təsis
edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun