Advertisement

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Nəqliyyat Forumunun Sammitində iştirak edib

Bakı. Trend:

Almaniyanın Leypsiq şəhərində nəqliyyat nazirləri və bir sıra
beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 1500-dən çox
iştirakçısı olan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) yaşıl
nəqliyyat mövzusuna həsr olunmuş Sammiti (ITF Summit 2024)
keçirilib. Forumun 2-ci vitse-prezidenti olan Azərbaycan Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və COP29 Əməliyyat
Şirkətinin dəstəyi ilə sammit çərçivəsində keçirilən sərgidə ilk
dəfə olaraq milli pavilyonla təmsil olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib
ki, tədbirdə ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil
edib.

Nazir müavini sammitdə çıxış edərək Prezident İlham Əliyev
tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik
ili” elan edildiyini, bu ilin noyabrında Azərbaycanın COP29
tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. R.Hümmətov Orta
Dəhlizin inkişafı, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan ərazilərinin
yaşıl enerji zonası elan edilməsi, ölkəmizdə həyata keçirilən
mikromobillik layihələri, yaxın müddət ərzində yerli istehsal
vasitəsilə avtobus parkının tam elektrikləşdirilməsi, eləcə də
ictimai nəqliyyatın yaşıllaşdırılması istiqamətində görülən işlər
barədə tədbir iştirakçılarına məlumat verib.

Sammit çərçivəsində bir sıra ölkələrin və beynəlxalq
təşkilatların nümayəndə heyətləri ilə ikitərəfli görüşlər
keçirilib. Görüşlərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər
ətraflı müzakirə olunub.

Sərgidə yaradılan milli pavilyonda COP29-a bu il ölkəmizin ev
sahibliyi etməsi ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı,
ölkəmizdə nəqliyyat sektorunda karbon qazı emissiyasının
azaldılması, “Azərbaycanda mobilliyin transformasiyası” proqramı
çərçivəsində həyata keçirilən layihələr və görüləcək işlər haqqında
məlumatlar təqdim edilib.

Bakının “Rəqəmsal əkiz”inin yaradıldığı, son infrastruktur
layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin
optimallaşdırılması işlərinin məhz “Rəqəmsal əkiz”ə əsaslanmaqla
icra edildiyi bildirilib.

Hazırda Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan
Respublikası 1998-ci ildən BNF-nin həqiqi üzvüdür. Ötən il Sammit
çərçivəsində keçirilən Nəqliyyat Nazirlərinin Şura iclasında
Azərbaycan yekdil səslə 2025 – 2026-cı illər üçün tarixində ilk
dəfə BNF-nin prezidenti vəzifəsinə seçilib.