Advertisement

Dövlət büdcənin gəlirlərində və xərclərində gözlənilən artım açıqlanıb

Bakı. Trend:

Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət büdcəsinin
gəlirləri ilə ilə bağlı proqnoz 34 milyard 173 milyon manatdan 36
milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz isə 36
milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata
çatdırılacaq.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, büdcəyə yenidən baxılmanı şərtləndirən amillər
aşağıdakılardır:

– Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması;

– Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar
edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və
milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat
və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının
yaradılması;

– Bir sıra yeni infrastruktur layihələrinin (avtomobil
yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma
və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata
keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər,
dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər
daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin
utilizasiyası fondunun xərcləri və digər zəruri əsaslı alışlar üzrə
əlavə maliyyə təminatının yaradılması;

Əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə
gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin
yaradır.