
Bakı. Trend:
İlk dörd ay üzrə Azərbaycanda iqtisadi meyillərin təhlilinə
əsaslanaraq, Hesalama Palatası ilin sonunda neft sektoru üzrə
ÜDM-nin nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox
olacağı qənaətinə gəlib.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət
büdcəsi haqqında” qanunda dəyişiklikliyin müzakirəsi zamanı
deyib.
V.Gülməmmədov vurğulayıb ki, təqdim edilmiş məlumatların təhlili
2024-cü ilin dövlət büdcəsinin yenilənən layihəsində 2024-cü il
üzrə icmal büdcəsinin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə
nisbətinin 24,5% proqnozlaşdırıldığını göstərir ki, bu da müvafiq
göstəricidən, yəni büdcə qaydası çərçivəsindən az da olsa,
kənarlaşma olduğunu deməyə əsas verir.
Onun sözlərinə görə, hədəfdən kənarlaşmaya bir neçə amil təsir
edib.
“Bunlardan birincisi odur ki, yenidən baxılan layihə üzrə icmal
büdcənin baza xərclərinin artımı icmal büdcənin qeyri-neft
gəlirlərinin artımını üstələyib. Maraqlı məqam odur ki, büdcənin
faiz xərclərinin büdcədən azaldılması da büdcə qaydasına mənfi
təsir göstərib. İkincisi odur ki, qeyri-neft-qaz sektoru üzrə
ÜDM-də artım istiqamətində dəqiqləşmə çox cüzi olub”, – deyə o
əlavə edib.



























