Advertisement

İki qızıl medal böyük nəticədir, amma iş davam edir – Rixard Trautman

Bakı. Trend:

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautmanın
İdman.biz-ə müsahibəsi

– Dünya çempionatından iki qızıl medal əvvəllər ancaq
xəyal edilə bilərdi. Artıq bu, reallığa çevrildi. Demək olar ki,
Abu-Dabidə hər şey tamamilə üst-üstə düşdü?

– Biz güclü komanda yarada bildik. Təbii ki, Hidayət Heydərov və
Zelim Kotsoyev təkcə böyük potensiala deyil, həm də zəngin
təcrübəyə malik idmançılardır. Amma medallar uğrunda mübarizə
aparmağa qadir olan başqa cüdoçularımız da var. Mən Azərbaycanda
ilk dəfə işə başlayanda nəsil dəyişikliyi dövrü idi. O dövrdə
motivasiya problemi yaşayan güclü, amma yaşlı idmançılar çıxış
edirdi. Bundan əlavə, onlar yeni təlimə hazırlıq ideyalarını qəbul
etməyə hazır deyildilər. Həmin vaxt milli komandaya məşqçi
təlimatlarını qəbul edən və yeniyetmələrin axını oldu ki, onlarla
işləmək bir qədər asan idi. Təbii ki, hər şey zaman alır. Biz
addım-addım irəlilədik və mühüm dəyişikliklər edə bildik. Lakin bu,
hələ də davam edən bir işdir. Məsələn, “kumi-kata”da (tutma
texnikası) böyük irəliləyiş əldə olunub, lakin “ne-vaza” (yerüstü
döyüş) əsas problem olaraq qalır.

– Heydərovun qələbəsindən sonra onun arzusunu
gerçəkləşdirdiyini qeyd etdiniz, amma qələbə komandada hər kəsin
arzusu idi…

– Bu doğrudur. Hər bir ölkə titul arzusundadır, tarixə düşmək,
qələbələr qazanmaq istəyir. Gələndə gördüm ki, Hidayət yüksək döyüş
ruhu, yaxşı texnikası, yaxşı fiziki xüsusiyyətləri ilə seçilsə də,
taktika seçimi məhduddur. Biz buna xüsusi diqqət yetirməyə başladıq
və indi Heydərov həm çempionat boyu, həm də bir döyüşdə müxtəlif
strategiyalar tətbiq etməyə qadir cüdoçuya çevrilib. Çünki
bilavasitə rəqiblərlə qarşılaşdığınız zaman təkcə texniki və fiziki
hazırlıq kifayət etmir. Biz uzun yol qət etmişik, lakin bu hələ
başlanğıcdır. Hidayət döyüş instinktinə malikdir və daha da güclənə
bilər.

– İndi Zelim Kotsoevin çempion portretinin konturunu
verək. Dünya çempionu nə edir?

– Zelim məşqçilərin ondan tələb etdiyi hər şeyə açıqdır və qəbul
edir. Bu mənada onunla işləmək asandır. Çünki özü də nə istədiyini
bilir. O, başa düşür ki, rəqiblərini qabaqlamağa və onların
hərəkətlərini öncədən görməyə imkan verən taktikanı necə qursun.
Təbii ki, o, hələ gəncdir, səhvlərdən də qaçmaq olmur. Amma Hidayət
kimi Kotsoyev də böyük potensiala malikdir.

– Hidayət və Zelim indi Paris-2024 Yay Olimpiya
Oyunlarına hazırlaşarkən əla əhval-ruhiyyədə olacaqlar. Bəs digər
kateqoriyalar haqqında nə demək olar? Axı Parisə yollanacaq heyətin
tərkibi ilə bağlı qərar verməliyik?

– Yaxın günlərdə hər şeyi ciddi düşünməli, dəftərlərimizi
götürməli, nəticələri təhlil və müzakirə etməliyik. İstənilən qərar
asan olmayacaq. Çünki kimsə Olimpiya siyahısından kənarda qalacaq.
Bu, məşqçiliyin ən xoşagəlməz anlarından biridir. Axı bəzi
cüdoçular məyus olacaqlar. Bununla belə, Parisdə kimin medal şansı
daha çox olduğuna baxmalıyıq. Dünyada hər kateqoriyada üçdən beşə
qədər qələbəyə iddialı var. Böyük ehtimalla titulu onlardan biri
qazanacaq. Məsələn, 73 kq çəkidə bunlar Hidayət, Soiçi Haşimoto və
Manuel Lombardodur. Kotsoyevdə də durum eynidir. Digər çəkilərdə
yaxşı potensiala malik cüdoçularımız var. Onlar titulun favoriti
deyillər, lakin medallar uğrunda mübarizə apara bilərlər. Gəlin
Turan Bayramovu (60 kq) götürək. O, həmişə uğur qazanmasa da, çox
intizamlı idmançıdır. Abu-Dabidə fəxri kürsüyə yüksəlməyə yaxın
idi. O, Giorgi Sardalaşvili keçsəydi, medal şansı olardı. Ya da
Elcan Hacıyevi (81 kq) götürək. O, medal qazanmağa qadir
idmançıdır. Amma bu dəfə medal qazanmaması onun üçün faciə
olmamalıdır. Çünki iki il ərzində öz çəkisində favoritlərdən birinə
çevrilib. Biz addım-addım getməliyik. İki il öncəki dünya
çempionatını xatırlayın. Onda komanda Daşkənddə iki bürünc medal
qazanmışdı. Zelim hətta qızıl qazana, heç olmasa finala çıxa
bilərdi. Hamı çox əsəbiləşdi. Dohada keçirilən növbəti Dünya
Kubokunda isə üç aparıcı idmançımız başı döşəyə dəydiyi üçün məğlub
oldu. Yəni bir sıra nüanslar var. Bu yüz metr məsafəyə qaçış deyil
ki, starta çıxıb qaçasan. Bizim idman növündə təmas var. İndi
Abu-Dabidən iki qızıl mükafatla qayıtdıq. Bu, Azərbaycan üçün böyük
nailiyyətdir. Son 20-30 ildə çox az ölkə dünya çempionatında iki
qızıl medal qazanmaqla öyünə bilər. Yaponiya, Fransa, Cənubi
Koreya, Gürcüstanın adını çəkmək olar. Təbii ki, cüdoda bu
ölkələrin nəticələrinə yaxınlaşmaq üçün bir ildən çox, hətta bir
nəsil cüdoçu yetişdirmək lazımdır. Ancaq düzgün yanaşma ilə bu
nəzərəçarpan nəticəyə çatmaq olar.

– Dünya çempionatından sonra Olimpiadaya hazırlıq necə
təşkil olunacaq?

– Abu-Dabidə idmançılar çox səy və emosiya göstərdilər. Bəziləri
əldən verilmiş şanslardan narahatdırlar. Ona görə də ilkin olaraq
dünən getdiyimiz Qubadakı təlim-məşq toplanışında idmançıların
tonusunu bərpa etməliyik. Bunun üçün yüngül məşq keçəcəyik. Komanda
yenidən bir araya gələcək və onda müsbət atmosfer yaratmaq
lazımdır. Hazırlığa yenidən başladıqdan sonra biz məşqləri ciddi
davam etdirəcəyik. Həmçinin keçdiyimiz yolu və nəyi daha yaxşı edə
biləcəyimizi təhlil edəcəyik. Sonra Poreçə gedəcəyik. Xorvatiyada
böyük təlim-məşq toplanışı qurulacaq. Oraya çox sayda idmançılar
gələcək. Beynəlxalq sparrinq görüşləri də keçirmək mümkün olacaq.
Daha sonra biz Bakıya qayıdacağıq. Onda cüdoçular sağlamlıqlarını
yaxşılaşdıra biləcəklər. Bundan sonra komandanın daha bir
təlim-məşq toplanışı olacaq. Bbu dəfə İspaniyanın Benidorm
şəhərində hazırlıq keçəcəyik. Orada bir çox idmançı və komandalar
bir araya gələcək. Bakıya qayıtdıqdan sonra isə iyulun 23-də Parisə
uçmağı planlaşdırırıq.

– Aydın məsələdir ki, cüdoçuların Olimpiadada uğurla
çıxış edəcəyi gözlənilir. Paris üçün plan nədir?

– Təbii ki, birinci vəzifə medal qazanmaqdır. Üç mükafat
qazanacağımızı gözləyirik. Bir qızıl olacaq – əladır. İki yüksək
mükafat qazanmağı bacarsaq – sadəcə əla. Gözləntilərin böyük
olduğunu bilirəm. Amma eyni zamanda realistəm. Hər çəki dərəcəsində
fəxri kürsü uğrunda mübarizə apara bilərik. Bundan əlavə, başqa bir
vəzifə odur ki, cüdoçularımız yaxşı güləşsinlər. Uduza bilərsən,
amma yüksək mübarizə ruhu nümayiş etdirməlisən.

– Söhbətimizin əvvəlində Azərbaycan cüdosunun gələcəyi
üçün görüləcək işlərə toxundunuz. Komandanın geniş mənada tam
formalaşdığını söyləmək olar?

– Biz çox mütəxəssisləri işə cəlb edirik. Son illərdə gənclər və
yeniyetmələr beynəlxalq arenada yaxşı nəticələr əldə ediblər. Amma
təhsil prosesi də vacibdir və ona xüsusi diqqət yetirilməlidir.
Bundan əlavə, digər mühüm məqsəd 2028-ci il Olimpiadası, o cümlədən
qarışıq komanda turnirində iştirak üçün heyət formalaşdırmaqdır.
Aydın məsələdir ki, bunun üçün bizə ağır çəkilərdə idmançılar, o
cümlədən qadınlar lazımdır. Əgər onlar olarsa, komanda yarışında da
medallar uğrunda mübarizəyə qoşulmaq olar.