
Bakı. Trend:
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına
“Handysize” ölçü tipli ilk gəmi qəbul edilib. Bununla da, ASCO quru
yüklərin daşınmasında yeni seqmentə daxil olub. Prezident İlham
Əliyevin tapşırığına əsasən, gəmiyə tarixi torpağımız Xocalının adı
verilib.
Bu barədə Trend-ə ASCO-dan məlumat verilib.
Çin Xalq Respublikasında Dövlət Himnimizin sədaları altında
gəmidə Azərbaycanın üçrəngli Dövlət Bayrağı qaldırılıb və “Xocalı”
istismara qəbul olunub.
“Xocalı” gəmisi Prezident İham Əliyevin tapşırıq və tövsiyələri
rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul
etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınıb.
Sözügedən proqramda milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyət
coğrafiyasının genişləndirilməsi, beynəlxalq hövzələrdə yükdaşıma
potensialının daha da artırılması, eləcə də xarici sularda
yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınması ilə
bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi məsələləri
xüsusi yer tutur.
Bu istiqamətdə icra olunan işlərin davamı kimi, ASCO “Handysize”
ölçü tipli quru yük gəmisinin alınması layihəsinin
maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı
ilə əməkdaşlıq edib. Bank, ASCO-da beynəlxalq prinsiplərə uyğun
qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin
mövcudluğunu, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə
vəziyyətinin təmin edilməsini nəzərə alaraq, dövlət zəmanəti
olmadan sözügedən layihənin maliyyələşməsi barədə qərar verib.
Bununla da, gəminin alınması üzrə maliyyələşmənin 70%-i Avropa
Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti, 30%-i isə
ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.
“Xocalı” gəmisi 38593 ton yükgötürə imkanına malikdir. Bu da
ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən
təxminən 8 dəfə çoxdur. Gəminin uzunluğu 180 metr, eni 30 metr,
bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum
sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir
çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait
yaradır.
Qeyd edək ki, “Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri
Cənubi Koreyanın “Bakpyung” limanından Amerika Birləşmiş
Ştatlarının “Portland” limanınadır. Bununla da, “Xocalı” müstəqil
Azərbaycan Bayrağı altında Amerika sularında üzəcək ilk gəmi
olacaq.



























