
Bakı. Trend:
15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumunun
enerji keçidiaraşdırmaları və regional sürətləndirmə üzrə rəhbəri
Espen Mehlum və neft-qaz sənayesi üzrə rəhbəri Renee Van Heusden
ilə görüşüb.
Trend xəbər verir ki, görüş çərçivəsində SOCAR-ın neft-qaz
şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci
ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji
hədəfləri barədə məlumat verilib. Enerji keçidinin şirkətin
prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyi
diqqətə çatdırılıb, bu sahədə SOCAR ilə beynəlxalq tərəfdaş
şirkətlər arasında imzalanan sənədlərin, atılan birgə addımların
önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un
iqlim dəyişmələri ilə bağlı atılan addımlara mühüm töhfə verəcəyi
əminliklə vurğulanıb.
Tərəflər SOCAR ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın
genişləndirilməsi imkanlarını nəzərdən keçirib, dekarbonizasiya,
“Xalis sıfır”, metan emissiyalarının azaldılması, rəqəmsallaşma,
həmçinin dayanıqlı apstrim layihələri və qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.



























