Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə
direktorlar təyin edilib.
Trend xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin
tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı
fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş
xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət
departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş
sistemləri və hesablaşmalar departamentinin direktoru olub.
Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə,
Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin
edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə
monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq
həvalə olunub.
AMB-nin İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov
təyin edilib. O bu vəzifədə Xəyal Babayevi əvəzləyib.
Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov
vəzifəsindən azad edilərək, Maliyyə sektorunun dayanıqlılığının
inkişafı departamentinin direktoru təyin olunub.
Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin
Qasımov, eləcə də, İnformasiya və kibertəhlükəsizlik
departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad
edilib. Onların yerinə hələlik təyinat olmayıb.



























