Advertisement

Azərbaycan ABŞ şirkəti ilə Əməkdaşlıq Sazişi imzaladı (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövşən Nəcəf “Honeywell” şirkətinin yüksək artım tempi
olan regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant
Maheşvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə SOCAR ilə “Honeywell” şirkəti
arasında uzunmüddətli və səmərəli əməkdaşlıqdan, bu xüsusda “Star”
neft emalı zavodunun (NEZ) inşası, Heydər Əliyev adına neft emalı
zavodunun modernləşdirilməsi layihələrində birgə fəaliyyətdən
məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycanın “yaşıl enerji” siyasəti və ölkəmizdə
bərpaolunan enerji mənbələrinin inkişafı istiqamətində görülən
işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

Tərəflər sənayenin rəqəmsallaşdırılması, dayanıqlılıq, enerji
keçidi, insan kapitalının inkişafı istiqamətləri üzrə əməkdaşlıq,
həmçinin bərpaolunan enerjiyə həsr olunan beynəlxalq tədbirlərdə
birgə iştirak imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə şirkətlər arasında regionun enerji sənayesinin
avtomatlaşdırılması və enerji keçidinin inkişafı məqsədilə
Əməkdaşlıq Sazişi imzalanıb.

Sənəd enerji sektorunun rəqəmsallaşdırılmasının dəstəklənməsi,
emissiyaların azaldılması, təhlükəsizlik, innovativ həllər üzrə
əməkdaşlığı nəzərdə tutur.