Advertisement

Dövlət büdcəsinin gəlirlərinin 51,1 faizi qeyri-neft sektorunun payına düşür

Bakı. Trend:

Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36
milyard 353 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş
göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz
çoxdur.

Trend xəbər verir ki, bu rəqəmlər “Azərbaycan Respublikasının
2024-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklə bağlı
qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərinin 48,9
faizi və ya 17 milyard 769 milyon manatı neft sektorunun, 51,1
faizi və ya 18 milyard 584 milyon manatı qeyri-neft sektorunun
payına düşür.

Beləliklə, 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət
büdcəsinin gəlirlərinin 6 milyard 867,4 milyon manatı qeyri-neft
sektorunun payına düşüb. Bu da əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur. Dövr ərzində
dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə
daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib.