
Bakı. Trend:
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan
Silk Way West Airlines Onno Pietersmanın əməliyyatlar üzrə baş
direktor vəzifəsinə təyin olunmasını elan edir. Aviasiya
sənayesində 25 ildən artıq təcrübəsi olan cənab Pietersma
aviaşirkətin əməliyyat səmərəliliyi, texnoloji təkmilləşdirmə və
müştəri xidmətləri sahələrini yeni zirvələrə yüksəltmək
niyyətindədir.
Cənab Pietersma yeni vəzifəsində Silk Way West Airlines-ın
genişlənən fəaliyyət sabitliyi və etibarlılığının möhkəmlənməsinə
yönəlmiş təşəbbüsləri dəstəkləyəcək. Bu amillər aviaşirkətin
yüklərin vaxtında çatdırılma göstəricilərini əhəmiyyətli dərəcədə
artıracaq.
Сənab Pietersma şərh etdi: “Şəbəkə sabitliyinin gücləndirilməsi
xidmətlərimizi təkmilləşdirmək üçün vacibdir. Şəbəkə planlamasını
və əməliyyatların səmərəliliyini artırmaqla biz yüklərin vaxtında
çatdırılmasını təmin edib, müştərilərimizi məmnun etməyi
hədəfləyirik.”
Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer
cənab Pietersmaya dəstəyini ifadə etdi. “Onnonun təsirli karyerası,
həmçinin komanda işinə və prosesin təkmilləşdirilməsinə sadiqliyi
davamlı olaraq əməliyyat standartlarına təkan verir. Onun strateji
baxışı əməliyyat performansını və müştəri məmnuniyyətini
əhəmiyyətli dərəcədə yüksəldəcək.”
Silk Way West Airlines əmindir ki, cənab Pietersmanın rəhbərliyi
altında o, ən yüksək sənaye standartlarını müəyyən etmək öhdəliyini
gücləndirməklə öz inkişafında yeni nailiyyətlər əldə edəcək.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda
qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq
Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və
747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif
ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.
Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, Silk Way
West Airlines 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, iki
Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yük
təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə
qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan
artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB
ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox
istiqaməti əhatə edir.



























