
Bakı. Trend
Xaçmaz rayonunda Milli Qəhrəman Yavər Şahbazovun və
şəhidlərimizin xatirəsinə həsr edilən futbol üzrə Şimal
birinciliyinə yekun vurulub.
Birincilikdə Xaçmazın müxtəlif şəhər, qəsəbə və kəndlərini
təmsil edən 22 komanda ilə yanaşı Quba və Qusar rayonundan olan
komandalarda iştirak edib. Ümumilikdə 24 komanda qalib adı uğrunda
mübarizə aparıb. Bir aya yaxın davam edən yarışın final
qarşılaşmasında Xaçmazın “Qoçaqlı” və Qusarın “Şirvanovka”
komandaları üz-üzə gəlib. Qoçaqlı kənd stadionunda keçirilən final
matçını Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf
Novruzov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid
ailələri, qazilər və rayon sakinləri izləyib.
Beş minə yaxın tamaşaçının iştirakı ilə keçirilən qarşılaşmanın
əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtdada qalib
müəyənləşmədiyindən tərəflər on bir metrlik cərimə zərbələri ilə
mübarizəyə yekun vurub. Penaltilərdə daha dəqiq olan “Qoçaqlı”
komandası turnirin qalibi olub. Sonda qalib komandaya medal, kubok
və həvəsləndirici mükafatlar təqdim olunub.
Birinciliyin bağlanış mərasimində çıxış edən Xaçmaz Rayon İcra
Hakimiyyətinin başçısı Elnur Rzayev belə yarışların əhəmiyyətindən
danışıb. Qeyd edib ki, hər il ənənəvi olaraq keçirilən futbol üzrə
rayon birinciliyinin gələcək nəslin sağlam və vətənvərpər ruhda
böyüməsi üçün xüsusi önəmi var.
Şəhid ailələri belə idman yarışlarının təşkilini yüksək
qiymətləndirib, göstərilən xüsusi diqqət və qayğıya görə Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.





























