Advertisement

“KazTransOil” bu il Bakı istiqamətində nəql edilməsi planlaşdırılan neftin həcmini açıqlayıb

Bakı. Trend:

“KazTransOil” (Qazaxıstanın əsas neft kəmərinin milli operatoru)
2024-cü ildə Azərbaycan ərazisindən sonrakı ixrac üçün Aktau
limanına 1,5 milyon ton neft göndərəcək.

Bu barədə Trend
“KazTransOil”-dəki mənbədən bildirilib.

“2024-cü ildə Aktau limanı vasitəsilə Bakı (Bakı-Tbilisi-Ceyhan)
istiqamətində 1,5 milyon tona qədər neftin nəqli planlaşdırılır”, –
deyə qeyd olunub.

Eyni zamanda, mənbənin məlumatına görə, 2024-cü ilin birinci
rübündə Aktau limanı vasitəsilə Bakı istiqamətində 355 min ton neft
daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sonunda “KazTransOil” şirkətinin
imkanlarından istifadə etməklə Aktau limanında tankerlərə neftin
yüklənməsi 3,376 milyon ton, o cümlədən Bakı-Tbilisi-Ceyhan
istiqamətində 1,057 milyon ton təşkil edib. Ümumilikdə, 2023-cü
ildə Qazaxıstan BTC ilə 1,392 milyon ton neft nəql edib ki, bu da
2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart
Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması
barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq “KazMunayQaz” SC
və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tengiz yatağından
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istiqamətində ildə 1,5 milyon
ton neftin nəqlini nəzərdə tutan saziş bağladılar.

Bundan əlavə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin
martın 11-12-də Azərbaycana səfəri zamanı “KazMunayQaz” və SOCAR
BTC ilə neft nəqlinin həcminin ildə 2,2 milyon tona çatdırılması
haqqında saziş imzalayıblar.