Bakı. Trend:
Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları
tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı
artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə
müdafiəsinin gücləndirilməsini zəruri edib.
Trend xəbər verir ki, Mərkəzi Bank kredit təşkilatları
tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin
ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi
məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bu sahədə tənzimləmə
çərçivəsinin inkişafı və nəzarətin gücləndirilməsi prioritet
istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
İstehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta
mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə
olaraq Mərkəzi Bankın təşəbbüsü ilə cari ilin əvvəlində Azərbaycan
Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Banklar
Assosiasiyasının (ABA) birgə fəaliyyəti təşkil olunub. Beləliklə
də, sözügedən sahə ilə bağlı yeni şərtlər formalaşdırılaraq mövcud
tənzimləmə çərçivəsi üzrə təkliflər irəli sürülüb və Mərkəzi Bankla
geniş müzakirələr aparılıb.
Bu fəaliyyətin yekunu olaraq Azərbaycan Respublikasının Mərkəzi
Bankının İdarə Heyətinin 16.05.2024-cü il tarixli qərarı ilə
“Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın
həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi
hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin
idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.
Yeni qaydalara əsasən sığorta müqavilələri üzrə sığorta
təminatının müddəti kreditin qalan müddətinə bərabər olmalıdır.
Sığorta məbləği isə sabit və ya azalan olmasından asılı olmayaraq,
minimum borcalanın kredit təşkilatı qarşısında olan faktiki borc
məbləği həddində, maksimum isə tərəflərin qarşılıqlı razılığı ilə
həmin borc məbləğinin 110%-i həcmində müəyyənləşdirilməlidir. Bu,
borcalanın kredit təşkilatı qarşısında olan kreditin ödəniş
qrafikinə uyğun faktiki borc, sığorta hadisəsindən sonra yarana
biləcək əlavə faiz və ya dəbbə pulu kimi öhdəliklərinin
bağlanmasını təmin edəcək.
Həmçinin yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən
şəxslər üçün bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Belə
ki, bu yumşalmalar istehlak kreditinin həcmindən asılı olaraq
sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili
kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb
olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, borcalan
tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta
müqaviləsinin bağlanması imkanı da yaradılıb.
Qaydalarda əksini tapan digər mühüm dəyişikliklər isə əlilliyi
olan şəxslərin sığorta müqaviləsi bağlamaları ilə bağlı meydana
çıxan maneələrin aradan qaldırılması və onların kredit
müqavilələrinə əlçatanlığının təmin edilməsi olub. Əlilliyə və ya
mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə
səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi
üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq
imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi
nəzərdə tutulub.
Qaydalara gətirilmiş yeni tələblərdən biri də sığorta
şirkətlərinə qarşı borcalanla bağlanmış sığorta müqaviləsinin
mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan
verən elektron sistemin qurulması tələbidir. Bu tələb
sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən edilməsinə və daha
operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət
edir.
Banklarda kredit risklərinin idarə edilməsinə dair mövcud
qaydaya gətirilmiş yeni tələblərdən biri isə bank müştərilərinə
istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq
borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi
hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir.
Yeni tələbə əsasən banklar tərəfindən müştərilərə müvafiq sığorta
təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim
ediləcəkdir. Müvafiq ərizə formasına əsasən müştəri həyat sığortası
üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst
qaydada seçə biləcək.
Mərkəzi Bank tərəfindən təsdiqlənmiş yeni qaydalar istehlak
krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin
gücləndirilməsinə, kreditləşmə və sığortalama sahəsində
istehlakçılarla banklar və sığortaçılar arasında mübahisələrin
azaldılmasına, istehlakçıların bu sahədə hüquqlarının müdafiəsinin
daha da gücləndirilməsinə xidmət edir.



























