
Bakı. Trend:
Azərbaycan boksçusu Alfonso Dominqes “Paris-2024” Yay Olimpiya
Oyunlarına lisenziya qazanıb.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə,
92 kiloqram çəkidə mübarizə aparan idmançı bunu Tailandın paytaxtı
Banqkokda II Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.
İdmançımız 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə
qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək
yarımfinala yüksəlib və bu qələbə boksçuya “Paris-2024″ə iştirak
hüququ verib.
Bununla da Azərbaycan Fransa paytaxtında 5 kişi boksçu ilə
təmsil olunacaq. A. Dominqesdən öncə Nicat Hüseynov (51 kiloqram),
Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və
Məhəmməd Abdullayev (+92 kiloqram) Paris Olimpiadasına vəsiqəyə
yiyələnib.
Qeyd edək ki, Olimpiadada boks yarışları iyulun 27-dən avqustun
10-dək davam edəcək.





























