Advertisement

Azərbaycan şahmatçısı “Dubai Open” turnirinin qalibi olub

Bakı. Trend:

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb
Əmirliklərində təşkil edilən “Dubai Open” beynəlxalq turnirinin
qalibi olub.

Azərbaycan Şahmat Federasiyasından Trend-ə verilən məlumata
görə, son tura lider kimi başlayan qrossmeyster yekun partiyada
heç-heçə oynayıb. 9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı
yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı
“Dubai Open”i qalib kimi başa vurub. Şahmatçımız həm də 16 min ABŞ
dolları məbləğində pul mükafatına layiq görülüb.

Turnirdə 6,5 xal toplayan Azərbaycanın digər iti zəka sahibi
Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə
şahmatçı 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir
Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda
Məhəmməd Muradlını qələbə münasibətilə təbrik edib.