Advertisement

KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

Bakı. Trend:

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm,
tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan
edilmiş beşinci qrant müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və
Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş
müsabiqəyə təqdim edilmiş layihələrdən 21-nin maliyyələşdirilməsi
barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20
min manata qədər maliyyə vəsaiti ayrılacaq.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert
Komissiyasının iyunun 3-də keçirilmiş iclasında qeyd edilib ki,
müsabiqəyə KOB subyektləri tərəfindən 290 layihə təqdim olunub. KOB
subyektlərinə məxsus layihələrin 126-sı hüquqi, 163-ü fiziki
şəxslərə, 1-i isə qeyri-sahibkara, o cümlədən 279-u mikro, 9-u
kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə
təqdim olunmuş layihələrdən 108-i təhsil, 15-i elm, 53-ü tədqiqat
və 113-ü dəstək layihələridir. Layihələrin 11-i “yaşıl
iqtisadiyyat” ilə bağlıdır.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi
üçün elan edilmiş 5-ci qrant müsabiqəsinə sənəd qəbulu 4 mart – 2
aprel 2024-cü il tarixlərində, layihələrin ekspertizası və
qiymətləndirilməsi isə 4 aprel – 15 may 2024-cü il tarixlərində
həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin
qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci
il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun
mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri,
innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki
məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi
təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi
amillər əsas götürülüb.

Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından
öyrənmək olar: https://smb.gov.az/az/nav/qrant