
Bakı. Trend:
Unibank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü
münasibətilə ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində keçirilən tədbirə
dəstək olub. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi
(QUTDİB) tərəfindən keçirilən ikigünlük tədbir çərçivəsində uşaqlar
üçün maarifləndirici və əyləndirici proqramlar təşkil edilib.
Tədbir proqramının məqsədi əlilliyi olan uşaqların cəmiyyətdən
təcrid edilmədiklərini və hər zaman diqqət mərkəzində olduqlarını
hiss etdirmək, onlara sevinc bəxş etmək olub.
Tədbir zamanı uşaqlara nağıllar oxunub, tamaşa nümayiş
etdirilib, müxtəlif təlimlər keçirilib. Animatorun iştirakı ilə
əyləncəli oyun və fləşmoblar, rəqslər uşaqları çox sevindirib.
Tədbirin sonunda sponsorların hədiyyələri uşaqlara təqdim
edilib.



























