
Bakı. Trend:
İyunun 3-də Azərbaycan Baş naziri Əli Əsədov Minskdə “Avrasiya
İqtisadi İttifaqının Ərzaq Təhlükəsizliyi” plenar iclasında qonaq
qismində iştirak edib.
Trend xəbər verir ki, plenar iclasda çıxış edən A.Əsədov
iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin vacibliyinə
yönəldib.
O bildirib ki, ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığının,
rifahının və davamlı inkişafının təmin edilməsində mühüm rol
oynayır, ölkənin iqtisadi və sosial sabitliyi ilə bilavasitə
bağlıdır, eyni zamanda, milli təhlükəsizlik baxımından strateji
əhəmiyyət kəsb edir.
“Yuxarıda göstərilən və digər çağırışları nəzərə alaraq, ərzaq
təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadi
siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi
müəyyən edilib”, – Baş nazir bildirib.
Plenar iclas iştirakçılarına daxili məhsullara olan daxili
tələbatın ödənilməsi məqsədilə iqtisadiyyatın kənd təsərrüfatı və
yeyinti sahələrinin inkişafı istiqamətində dövlət tərəfindən həyata
keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının və ərzaq
məhsullarının təhlükəsizliyinə, bitki və heyvanların sağlamlığına
diqqət artırılır.
Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində
ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 3 faiz
artıb. Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz,
bitkiçilikdə 2,7 faiz olub.
“Müsbət tendensiya bu il də davam edir. İlk 4 ayda kənd
təsərrüfatı məhsulları istehsalı 1,6% artıb. Heyvandarlıq
məhsulları istehsalı 1,5%, bitkiçilik məhsulları istehsalı 2,7%
artıb”, – deyə Ə.Əsədov əlavə edib.
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra
ərzaq məhsulları, o cümlədən, meyvə-tərəvəz, kartof, yumurta, ət və
süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb.
Baş nazir ötən ilin sonunda Azərbaycanın qeyri-neft və qaz
ixracının təxminən 10% artdığını da qeyd edib.
Ərzaq məhsulları istehsalçılarının həvəsləndirilməsi
istiqamətində kompleks tədbirlərdən danışan A.Əsədov onlara
subsidiyalar, vergi, gömrük və bir sıra digər güzəştlərin
verildiyini bildirib.
Fevralda Nazirlər Kabineti mikro, kiçik və orta biznesə əlavə
dəstəyin göstəriləcəyi iqtisadiyyatın prioritet sahələrinin
siyahısını təsdiq edib. İqtisadiyyatın mühüm sahələrindən biri kimi
kənd təsərrüfatı da Siyahıya daxil edilib.
Bitki və heyvan sağlamlığının qorunması sahəsində ardıcıl
tədbirlərdən danışan A.Əsədov qeyd edib ki, qanunvericilik
bazasının təkmilləşdirilməsi, yüksək texnologiyalar və innovativ
həllərdən istifadə, laboratoriya imkanlarının artırılması, sərhəddə
baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsinə xüsusi
diqqət yetirilir.
İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə
mənfi təsirinə toxunan A.Əsədov Azərbaycanın iqlim dəyişikliyi ilə
qlobal mübarizəyə verdiyi töhfələr barədə plenar iclas
iştirakçılarına məlumat verib.
Bildirilib ki, bu il COP29-un Azərbaycanda keçirilməsi ölkənin
bu istiqamətdə strategiyasının tərkib hissəsidir.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair bütün
məsələlər üzrə Aİİ-nin tərəfdaş üzvləri ilə qarşılıqlı faydalı
əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğu bildirilib.


























