Advertisement

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirildi

Bakı. Trend:

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası
keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti
açıqlayıb.

İclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya
qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək
işlərdən bəhs edib.

Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi
barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə
edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun
saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min)
manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda
“Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan
milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq
toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair
məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması
üçün “Double Pass”, UEFA və “McKinsey & Company” şirkətləri ilə
əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb
olunmasının önəmi qeyd olunub.

AFFA İcraiyyə Komitəsinin üzvləri 1-ci və 2-ci Liqada mövcud
vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş
məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması barədə
qərar verilib. Müvafiq yaş qrupları üzrə milli komandaların baş
məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə
hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

Elxan Abdullayev – U-19
Füzuli Məmmədov – U-18
İlham Yadullayev – U-17
Aqil Nəbiyev – U-16

İcraiyyə Komitəsində Azərbaycan milli komandasının baş məşqçisi
ilə bağlı məsələ də müzakirə olunub və növbəti günlərdə bu barədə
ictimaiyyətə əlavə məlumat veriləcək.