
Bakı. Trend:
Bu gün Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işinə
başlayır.
Trend xəbər verir ki, iyunun 4-6-da regionun enerji sahəsində
mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji
Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər
Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və
29-cu Bakı Enerji Forumu.
“Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo
Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş
Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını
təsdiq edib.
Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya,
Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri,
Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya,
Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya,
Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç,
Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı,
Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr
arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk
dəfədir ki, tədbirə qatılırlar.
Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək
maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə
tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına
məxsusdur.
Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların
iştirakı gözlənilir: Birləşmiş Ərəb Əmirliklərinin sənaye və
qabaqcıl texnologiyalar naziri, Əbu-Dabi Milli Neft Şirkətinin
(ADNOC) idarəedici direktoru, “Masdar” şirkətinin sədri, COP28-in
prezidenti Sultan Əhməd Əl Caber, Türkiyənin enerji və təbii
sərvətlər naziri Alparslan Bayraktar, Macarıstan xarici işlər və
ticarət naziri Piter Siyyarto, Macarıstanın energetika naziri Csaba
Lantos, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun
çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian,
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam
Əl-Qays, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru
Fatih Birol, Avropa Komissiyası Energetika üzrə Baş İdarənin
direktoru Kristina Lobillo Borrero və başqaları.



























