Advertisement

Pərviz Şahbazov türkiyəli həmkarı ilə “yaşıl enerji”ni müzakirə edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla Bakı Enerji Həftəsi
çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyənin energetika və
təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi
nümayəndə heyətləri arasında görüş olub.

Bu barədə Trend-ə Energetika Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji
müttəfiqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən
məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin
Azərbaycan-Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi qeyd
olunub. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji
layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təminatındakı rolundan bəhs edilib. Çoxşaxəli enerji
tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edən təbii qaz və
“yaşıl enerji” sahələrindəki prioritetlər və gündəlikdə olan
layihələr nəzərdən keçirilib. Bildirilib ki, İğdır-Naxçıvan qaz
kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan
Türkiyə üzərindən qazla təchiz olunacaq. Hazırda Azərbaycan və
Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq
gündəliyinin olduğu, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan
və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar
yarandığı vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən
istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində
əməkdaşlığın, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı
Əlaqə” layihəsi üzrə “Yol Xəritəsi”nin cari vəziyyəti nəzərdən
keçirilib. Naxçıvandan keçməklə Türkiyəyə və Avropaya elektrik
enerjisinin ixracı məsələləri ilə bağlı fəaliyyət göstərən İşçi
qrupu tərəfindən Texniki Tapşırıq layihəsinin tezliklə
yekunlaşdırılmasının, tərəflər arasında müvafiq Əməliyyat Sazişinin
imzalanmasının və layihənin texniki-iqtisadi əsaslandırmasına
başlanması üçün məsləhətçi şirkətin seçilməsi də daxil müvafiq
proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bu
istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Söhbət zamanı bu il Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun
keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin
enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına
töhfə verəcəyi bildirilib.