
Bakı. Trend:
4 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz
təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr
imzalanıb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində
Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri
Alparslan Bayraktar iştirak ediblər.
İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında 14 may
2024-cü il tarixində imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq
haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii
qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan
bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq
və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə
Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ
arasında “Şahdəniz” yatağından qazın Türkiyəyə təchizatının davam
etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.



























