
Bakı. Trend:
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”
şirkəti arasında üç bərpa olunan enerji layihəsi üzrə Səhmdarlar
Sazişləri imzalanıb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, imzalanma mərasimində
Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və
qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak
ediblər.
Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik
stansiyaları layihələrini əhatə edir. İmzalama mərasimində SOCAR
ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələri
sahəsində birgə uğurlu əməkdaşlığın enerji mənbələrinin
şaxələndirilməsi, ölkəmizin alternativ enerji potensialından
istifadənin genişləndirilməsi, həmçinin enerji keçidinin təmin
olunması məqsədini daşıdığı diqqətə çatdırılıb. Bu sənədin
Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə
bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail
olmasında önəmli rol oynayacağı xüsusi qeyd edilib.
Ümumi gücü 1 GVt olan 3 stansiyanın təməlinin qoyulması
Azərbaycanın COP29-un ev sahibi kimi yaşıl dünya naminə enerji
keçidinə sadiqliyinin parlaq göstəricisidir. Həmçinin layihələrin
icrası nəticəsində illik təxmini 2.3 milyard kVt saat elektrik
enerjisinə qənaət olunacaq ki, bunun da nəticəsində təxminən illik
1 milyon ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.
Beləliklə, təməli qoyulan külək və günəş elektrik stansiyaları
layihələri ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla,
davamlı inkişafın təmin olunmasına əvəzsiz töhfə verəcəkdir.



























