Advertisement

“Baku Steel Company” QSC 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edir (FOTO/VİDEO)

Bakı. Trend:

Qafqazın ən böyük və müasir metallurgiya şirkəti olan “Baku
Steel Company” QSC (bundan sonra – BSC) 4-6 iyun 2024-cü il
tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan 29-cu
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində gümüş sponsor qismində
iştirak edir.

Hər il Bakıda keçirilən və regionun enerji sahəsində ən mühüm
tədbiri sayılan Bakı Enerji Həftəsinə bu il dünyanın 37 ölkəsindən
300-dək şirkət gəlib. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya,
Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb
Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair,
Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç,
İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland,
Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə
Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya təmsil olunur.
Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər
ilk dəfədir ki, tədbirə qatılırlar.

Sərginin daimi iştirakçılarından biri, bu il yenə də tədbirin
gümüş sponsoru olan BSC, Bakı Ekspo Mərkəzinin 1-ci zalında 1C314
ünvanlı stendində öz yüksək keyfiyyətli və beynəlxalq sertifikatlı
məhsullarını sərgiləyir.

Tədbirin ziyarətçiləri və iştirakçıları arasında böyük marağa
səbəb olan stenddə BSC-nin geniş çeşiddə polad məhsulları, xüsusilə
neft-qaz istismarı layihələrində istifadə olunan tikişsiz boruları
nümayiş edilir.

Qeyd edək ki, şirkətin tikişsiz boruları 114-219 mm diametrli
olmaqla BSC-nin Azərboru İstehsalat sahəsindəki avadanlıqlar
vasitəsilə istehsal olunur və böyük tələbatla ixrac edilən
məhsulların sırasında yer alır.

Həmçinin, BSC bu il ilk dəfədir ki, öz stendində ferroərinti
məhsulunu da təqdim edir. Sumqayıt Kimya Sənaye Parkında yerləşən
BSC-nin Ferroərintilər istehsalat sahəsində hazırlanan yüksək
keyfiyyətli və fərqli fraksiyalarda olan (FeSi 65% – FeSi 75%,
fraksiya 10-50 mm) ferrosilisium (FeSi) müxtəlif növ poladların və
çuqunların legirlənməsi və oksidləşməsi üçün istifadə olunur.